AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Kəlbəcərin azadlığı – güclü dövlətin siyasi iradəsinin təntənəsi

Azərbaycanın müasir tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, gələcək nəsillərin milli yaddaşında da xüsusi yer tutur. Kəlbəcərin işğaldan azad olunması belə tarixi hadisələrdəndir. Bu qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində atılan mühüm addım olmaqla yanaşı, dövlətimizin prinsipial və qətiyyətli siyasətinin nəticəsi idi.

Uzun illər ərzində Kəlbəcərin işğal altında qalması ölkəmizin qarşısında ciddi siyasi, humanitar və təhlükəsizlik problemləri yaratmışdı. Beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə baxmayaraq, işğal faktının aradan qaldırılması üçün real nəticə əldə olunmamışdı. Azərbaycan isə bütün bu müddət ərzində öz ərazi bütövlüyünü bərpa etmək məqsədindən geri çəkilmədi, güclü dövlət quruculuğu və ordu quruculuğu siyasətini ardıcıl şəkildə davam etdirdi.

Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan həm iqtisadi, həm hərbi, həm də diplomatik baxımdan gücləndi. 2020-ci ildə başlanan Vətən müharibəsi dövlətimizin illərlə formalaşdırdığı potensialın və milli birliyin təntənəsinə çevrildi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi torpaqlarımızı azad edərək regionda yeni reallıqlar yaratdı.

Kəlbəcərin 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılması həmin siyasi və hərbi qələbənin mühüm nəticələrindən biri oldu. Bu hadisə bir daha göstərdi ki, Azərbaycan dövləti öz milli maraqlarını qorumaq, vətəndaşlarının hüquqlarını təmin etmək və ərazi bütövlüyünü bərpa etmək əzmindədir. Kəlbəcərin azadlığı dövlətimizin beynəlxalq müstəvidə mövqelərinin güclənməsinə də mühüm töhfə verdi.

Bu gün Kəlbəcərdə aparılan quruculuq işləri həmin siyasi iradənin davamıdır. Dövlət başçısının diqqət və qayğısı ilə bölgədə müasir infrastruktur yaradılır, yaşayış məntəqələri yenidən qurulur, insanların doğma torpaqlarına qayıdışı təmin edilir. Kəlbəcər Şəhəri Günü bu baxımdan yalnız tarixi hadisənin xatırlanması deyil, həm də güclü Azərbaycan dövlətinin gələcəyə yönəlmiş inkişaf strategiyasının təcəssümüdür.

Gülsüm Hacıyeva,
YAP Nizami rayon təşkilatının “Məmmədəli Şərifli küçəsi, 159” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button