Analitika

İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir

Bir neçə gün əvvəl sentyabrın 25-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri mühüm hadisə kimi yadda qaldı. Həmin səfər zamanı qardaş ölkə ilə Azərbaycan arasında bir sıra vacib sənədlər imzalandı, İğdır-Naxçıvan qaz kəmərinin təməli qoyuldu. Bütün bunlarla yanaşı, Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri həm də bir sıra ölkələrə verilən növbəti mühüm mesaj oldu”. Prezident İlham Əliyev sentyabrın 25-də Naxçıvanda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ilə əlaqədar bəyanatında bildirdi ki, İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir və həm bizim əlaqələrimizə yeni təkan verəcək, həm də Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək: “Ölkə başçımız bildirdi ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti aparmağa başlayanda Naxçıvana qarşı da onların ərazi iddiaları var idi. Naxçıvanda da şiddətli döyüşlər gedirdi və məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan düşməni yerinə oturtdu və öz ərazisini qoruya bildi. Ancaq o vaxt Naxçıvanın enerji təminatı Azərbaycanın əsas hissəsindən olduğu üçün Ermənistan bütün elektrik və qaz xətlərini kəsmişdi. Naxçıvan faktiki olaraq mühasirədə idi və 15 il qazsız yaşadı. Nəhayət, 2005-ci ildə İran İslam Respublikası ilə imzalanmış anlaşmaya görə, mübadilə yolu ilə İrandan Naxçıvana qazın verilməsi təmin edildi. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi isə ikinci xətt vasitəsilə Naxçıvana təbii qazın verilməsinə şərait yaradacaq”. Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı böyük planlardan danışan Prezident İlham Əliyev bildirdi ki, Naxçıvan yaşıl enerji zonasına çevrilə bilər: “Burada həm günəş, həm külək, eyni zamanda, su elektrik stansiyalarının inşası üçün böyük potensial var və gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində yaşıl enerji ixracı da mümkün olacaq. Bu il sentyabrın 19-da Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini qeyd edən ölkə başçımız diqqətə çatdırdı ki, artıq Azərbaycandan onun Qarabağ bölgəsinə, orada yaşayan erməni əhalisinə humanitar yardımlar göndərilməsinə başlanılıb. Qarabağ ermənilərinin nümayəndələri ilə Azərbaycanın dövlət strukturlarının nümayəndələri arasında Yevlax şəhərində görüş keçirilib və Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesi uğurla gedəcək. Türkiyənin Azərbaycana dəstəyindən danışan Prezident İlham Əliyev qeyd etdi ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında, dünyanın ən ali kürsüsündən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycan dövlətinin maraqlarını ifadə edən bəyanatların verilməsi Türkiyənin növbəti qardaşlıq addımıdır. İkinci Qarabağ müharibəsi zamanı bütün Türkiyə xalqı bizim yanımızda idi. Müharibənin ilk saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” kimi bəyanatın verilməsi bir çoxları üçün ciddi mesaj idi. Şuşa şəhərində imzalanmış müttəfiqlik bəyannaməsi isə bizim münasibətlərimizi yeni müstəviyə qaldırdı. Bu gün bu əlaqələr ən yüksək zirvədədir və bütün istiqamətlər üzrə biz indi əlaqələrimizin çox fəal dövrünü yaşayırıq”. İki ölkə arasında həyata keçirilən strateji əhəmiyyət kəsb edən layihələrdən danışan dövlət başçımız bildirdi ki, TANAP layihəsi, İğdır-Naxçıvan qaz xətti və Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolu tarixi hadisələrdir. Bu layihələr Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcəklər. Qeyd olundu ki, Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirən dəmir yolunun inşası da uğurla gedir. Azərbaycan ərazisində işlər böyük ehtimalla gələn ilin sonunda başa çatmalıdır. Bu gün Azərbaycan və Türkiyənin müştərək maraqlarının məzmunu ondan ibarətdir ki, bölgədə sülh, əmin-amanlıq olsun, müharibələr olmasın və ölkələrin ərazi bütövlüyü təmin edilsin”.

Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button