
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Əzim Əzimzadə küçəsi, 16” ünvanında yerləşən ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə və gənc nəslin ideoloji maarifləndirilməsinə həsr olunmuş görüş keçirilib.
Aktualinfo Media Qrup xəbər verir ki, görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov gənclərin milli ideologiyaya bağlı, vətənpərvər və dövlətçilik prinsiplərinə sadiq ruhda yetişdirilməsinin əhəmiyyətini vurğulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərinin gənc nəslə çatdırılmasının, milli maraqların qorunmasının və partiyanın ideoloji fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyini qeyd edib.
62 saylı məktəb-liseyin direktoru Mətanət Cabbarlı çıxışında təhsil müəssisələrinin gənclərin dünyagörüşünün formalaşmasında və onların cəmiyyətə layiqli vətəndaşlar kimi qazandırılmasında mühüm rol oynadığını bildirib. O, şagirdlərə milli-mənəvi dəyərlərin aşılanmasının, tariximizə və dövlətçilik ənənələrimizə hörmət hissinin formalaşdırılmasının, eləcə də gənclərin zərərli ideoloji təsirlərdən qorunması istiqamətində maarifləndirmə işinin əhəmiyyətini diqqətə çatdırıb.
Görüşdə iştirak edən digər şəxslər də çıxışlarında gənclərin ideoloji tərbiyəsinin gücləndirilməsi, milli kimliyin qorunması və dövlətçilik düşüncəsinin inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüblər. Qeyd olunub ki, gənc nəslin düzgün ideoloji istiqamətdə formalaşdırılması cəmiyyətin gələcəyi və ölkənin davamlı inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Sonda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrin icrası, təhsil müəssisələrində ideoloji maarifləndirmə fəaliyyətinin genişləndirilməsi və gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi istiqamətində görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb.




