GündəmAnalitika

Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır

Vətən müharibəsinin başa çatmasından sonra ölkə başçısı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın azad edilən ərazilərə çoxsaylı səfərləri baş tutub. Cənab Prezident İlham Əliyev cari ilin 4 oktyabr tarixində Cəbrayıl şəhərində çıxış edərkən qeyd etmişdir ki, “Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır. Çünki İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi. O vaxta qədər artıq müharibə bir həftə idi ki, gedirdi və 20-yə yaxın kənd azad edilmişdi, o cümlədən Cəbrayıl rayonunun kəndləri. Ancaq şəhər olaraq birinci şəhər Cəbrayıl olmuşdur və Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi”.

Torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası, haqq-ədalətin bərqərar olması uğrunda apardığımız, sonu zəfərlə bitən Vətən müharibəsi Azərbaycan tarixinə ən şərəfli və şanlı səhifələrdən biri kimi yazıldı. Müzəffər ordumuzun tarixi qələbəsi uzun illər davam edən haqsızlığa, ədalətsizliyə son qoydu. Tarixi ədalət bərpa olundu. Düşmənə öz layiqli cavabı verildi.

44 gün ərzində xalqımız qürur və fəxarət dolu günlər yaşadı. Bu hadisələrdən biri də elə mübarizənin ilk həftəsində Cəbrayıl rayonunun işğaldan azad olunduğu 4 oktyabr 2020-ci il tarixidir. Bu möhtəşəm qələbə Böyük Zəfərə gedən yolda ordumuzun ilk addımı oldu. Strateji əhəmiyyətinə görə mühüm məntəqələrdən biri olan Cəbrayıl şəhərinin azad olunması digər ərazilərin də düşmən tapdağından təmizlənməsinə şərait yaratdı. Eyni zamanda bu qələbənin yaratdığı ruh yüksəkliyi və mənəvi- psixoloji üstünlük ordumuza, əsgərlərimizə gələcək qələbələr üçün böyük stimul oldu.Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində məskunlaşmışlar. Tarixi Zəfərimizdən ötən 4 ildə işğaldan azad edilən digər ərazilərimiz kimi, Cəbrayıl rayonu da özünün dirçəliş dövrünü yaşayır. Qarabağ probleminin tarixə qovuşmasından dərhal sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu ərazilərə davamlı səfərləri hər birimizdə böyük qürur hissi yaradır. İlk səfər 2020-ci il noyabr ayının 16-da Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə edildi. Dövlət başçısının hər bir səfəri mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Ötən dörd ildə cənab İlham Əliyev Cəbrayıla 10 səfər edib. Prezident İlham Əliyevin tarixi Zəfərimizdən sonra Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirdiyi fikirlər son dörd ildə görülən işlərin əsasında dayandı.

Ramin Əliyev,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button