AnalitikaGündəmOrdu

Cəbrayıl şəhəri Zəfərin rəmzi və Qayıdışın ünvanı kimi xarakterizə olunmalıdır

Mənim üçün 4 oktyabr sadəcə bir tarix deyil. Bu gün həm zəfərin, həm də qürurun rəmzidir. 2020-ci ildə Azərbaycan Ordusu Cəbrayılı azad edəndə bütün ölkə ayağa qalxmışdı. Televiziya qarşısında sevinən insanları, küçələrdə dalğalanan bayraqları hələ də xatırlayıram. Çünki Cəbrayılın işğaldan qurtuluşu bütöv bir xalqın Böyük Qayıdış ümidini reallığa çevirdi.

Hərbi əməliyyatların mürəkkəbliyini hər kəs yaxşı bilir. Ancaq əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıq, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi bu zəfərin qazanılmasında həlledici oldu. Cəbrayıl uğrunda döyüşən 22 min hərbi qulluqçunun medallarla təltif edilməsi sadəcə rəsmi addım deyildi – bu, xalqımızın qəhrəman oğullarına minnətdarlıq ifadəsi idi. Xudafərin körpüsündə Prezident İlham Əliyevin üçrəngli bayrağımızı qaldırdığı an isə tarixə yazıldı.

Amma zəfərdən sonra Cəbrayılın taleyi ilə bağlı yeni mərhələ başladı – quruculuq. Bir vaxtlar xarabalığa çevrilmiş bu torpaqlarda indi müasir sənaye parkları, avtomobil yolları, yaşayış kompleksləri salınır. Mən özüm Cəbrayılda aparılan işlərə diqqətlə baxanda bir həqiqəti görürəm: dövlət bu torpağı yalnız bərpa etmir, həm də gələcəyin şəhərinə çevirir.

Prezident İlham Əliyevin hər dəfə Cəbrayıla səfərləri bunu təsdiqləyir. Yeni məktəblərin, yarımstansiyaların, sənaye müəssisələrinin açılışı, köç karvanlarının qarşılanması – bunların hər biri bir mesajdır: Cəbrayılın sabahı işıqlıdır. 2022-ci ildə qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə burada təməlqoyma mərasimində iştirak etməsi isə mənim üçün xüsusi rəmzi məna daşıyır. Bu, təkcə Azərbaycan-Türkiyə qardaşlığının göstəricisi yox, həm də bu torpaqların regional əhəmiyyətinin təsdiqi idi.

Bu gün Cəbrayıl təkcə işğaldan azad olunmuş bir şəhər deyil, həm də xalqımızın yenilməz iradəsinin simvoludur. 4 oktyabr tarixini biz indi həm Zəfər günü, həm də Qayıdış günü kimi qeyd edirik.

Aytac Məhərrəmli
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button