AnalitikaGündəmOrdu

Cəbrayıl rayonunun işğaldan azad olunması uğurlu əməliyyatların açarı oldu

“2020-ci il oktyabrın 4-də Cəbrayıl rayonu 27 illik işğaldan sonra azad edildi. Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən zaman rayon 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. 5 il öncə Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində 1 şəhər və 90 kənd düşmən tapdağından xilas edildi. Rayon işğaldan azad edildikdən sonra 72 ümumtəhsil məktəbinin, 8 xəstəxananın, 132 tarixi abidənin, 150 mədəniyyət ocağının, 100-ə yaxın kəndin, həmçinin türbələrin, məqbərələrin, məscidlərin erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılması faktları bir daha dünyaya bəlli oldu. Aydınlaşdı ki, işğal nəticəsində ermənilər Cəbrayıl rayonuna təxminən 14 milyard ABŞ dolları məbləğində ziyan vurublar. İşğal ilə Cəbrayıl rayonundan olan insanların hüquqları pozuldu və respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda 27 il davamlı qaçqınlıq həyatı yaşamağa məcbur qaldılar”.

Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Cəbrayıl əməliyyatının əhəmiyyəti ondan ibarət idi ki, bu rayon azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks hücum mümkün oldu: “Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Hətta, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. Bütün bunlarla yanaşı Cəbrayıl əməliyyatı ilə Xudafərin körpüsü düşməndən azad edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Xudafərin körpüsündə Azərbaycan bayrağını ucaltması xalqımız üçün qürur, fəxarətdir, böyük tarixi və siyasi əhəmiyyət daşıyırdı”.

Ramil Vəlibəyov qeyd edib ki, 2020-ci il noyabrın 26-da Prezident İlham Əliyevin Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi və Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22797 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi: “Eyni zamanda, Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub”.

Ramil Vəlibəyov diqqətə çatdırıb ki, beş il öncə işğaldan azad olunmuş Cəbrayılda keyfiyyətcə yeni dövr başlayıb: “İşğaldan azad olunan Cəbrayıl rayonunda son illər ərzində aparılan bərpa və abadlıq-quruculuq işləri nəticəsində “Araz Vadisi İqtisadi Zonası”nın yaradılıb, rayonunun elektrik təchizatı təmin edilib, Cəbrayıla 4-6 zolaqlı yol çəkilib ki, bununla da vətəndaşlar rahat şəkildə buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2023-cü il 25 iyul tarixli Qərarı ilə “Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilib. 2026-cı ilin sonunadək təqribən 3 800 nəfərin şəhərdə yerləşəcəyi qeyd olunur, 2040-cı ilin sonuna qədər Cəbrayıl şəhərində 15 000 sakinin yaşayacağı proqnozlaşdırılır. Onu da əlavə edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı 2024-cü ilin 26 sentyabr tarixində Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu vaxta kimi Cəbrayıla 659 ailə – 2856 nəfər köçürülüb”.

Oxşar Xəbərlər

Back to top button