AnalitikaGündəmSiyasət

Azərbaycanla Vyetnam arasında ədəbiyyat və mədəniyyət sahələrində əlaqələr uzun tarixə malikdir

Coğrafi cəhətdən uzaq məsafədə olmalarına baxmayaraq, Azərbaycan və Vyetnam 66 ilə söykənən tarixi dostluq, tərəfdaşlıq münasibətlərinə malikdir. İki ölkə əsas sektorlarda praqmatik yanaşma və ümumi maraqlara əsaslanan davamlı və qarşılıqlı faydalı əlaqələr qurur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə zamanı bu məsələyə xüsusilə toxunaraq bildirdi ki, Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. Azərbaycan – Vyetnam münasibətlərini təhlil edərkən Azərbaycan xalqının Ümummilli Lideri, Vyetnamın böyük dostu Heydər Əliyevin rolunu xüsusilə qeyd etmək lazımdır. Onun bu ölkəyə səfəri Vyetnam üçün olduqca böyük, başqa sözlə, həyati əhəmiyyəti var idi. Əlbəttə ki, Fransa işğalından, ABŞ ilə dəhşətli müharibədən, eləcə də digər dövlətlərin müdaxiləsindən sonra da, Vyetnam regionda gedən geosiyasi proseslər fonunda yenə ciddi təhdidlə üzləşmişdi. Belə bir məqamda dahi Heydər Əliyevin səfəri Vyetnam xalqı və hökuməti üçün böyük dəstək ifadə edirdi. Azərbaycan ilə Vyetnam ölkələrin milli maraqlara hörmət və beynəlxalq hüquq normalarına sadiqlik prinsipləri əsasında sıx əməkdaşlıq edir. Beynəlxalq və regional təşkilatlarda, o cümlədən BMT-də, Qoşulmama Hərəkatında, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə bir-birinə dəstək verirlər. Ölkələrimiz arasında münasibətlərin inkişafında iqtisadi-ticari və elmi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının fəaliyyəti əhəmiyyətli rol oynayır. Həmçinin 2023-cü ilin noyabrında Hanoyda Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıq sazişinin imzalanması münasibətlərin inkişafına təkan verir.

İki ölkə arasında əməkdaşlığın inkişafında İqtisadi-ticari və elmi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının fəaliyyəti əhəmiyyətli rol oynayır. Ölkələrimizin iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, kənd təsərrüfatı, humanitar, turizm, təhsil və sair sahələr üzrə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər var.

Azərbaycanla Vyetnam arasında ədəbiyyat və mədəniyyət sahələrində əlaqələr uzun tarixə malikdir. Hər iki ölkə öz milli kimliklərini, zəngin mədəni irslərini və ədəbiyyatlarını qorumaqla yanaşı, dünyadakı mürəkkəb siyasi və sosial mühitə qarşı mübarizələrini də əsərlərində əks etdiriblər. Bu əlaqələr xüsusilə sovet dövründə daha da dərinləşib, Azərbaycanın müstəqilliyini bərpa etməsi ilə yeni bir mərhələyə keçib. 1991-ci ildən sonra Azərbaycan və Vyetnam arasında əlaqələr daha da güclənib, xüsusilə mədəniyyət və ədəbiyyat sahələrində qarşılıqlı anlaşma və əməkdaşlıq yüksəlib.Azərbaycanın Vyetnamla əlaqələri həm tarixi, həm də müasir dövr baxımından çox önəmlidir. Bu əlaqələr yalnız dövlət səviyyəsində deyil, həm də ədəbiyyat və mədəniyyət sahələrində hər iki xalq arasında möhkəm dostluq körpüsünü yaradıb. Hər iki ölkə müstəqil dövlətlər olaraq öz milli kimliklərini qoruyub saxlamaqla yanaşı, beynəlxalq əlaqələrini genişləndirmək məqsədilə müxtəlif sahələrdə əməkdaşlıq ediblər. Bu əməkdaşlığın ən mühüm sahələrindən biri ədəbiyyat və mədəniyyət sahəsi olub. Azərbaycanın ədəbiyyatını və mədəniyyətini tanıdan, Vyetnamın zəngin mədəni irsini nümayiş etdirən müxtəlif təşəbbüslər, qarşılıqlı tərcümələr və ədəbi mübadilə ölkələr arasındakı dostluq əlaqələrini daha da gücləndirib.

Günel Əlizadə,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button