Azərbaycanın dövlət müstəqilliyi əbədidir
Azərbaycanın dövlət müstəqilliyi yolunda mücadiləsi faktiki olaraq 1988-ci ilin xalq hərəkatı ilə başlansa da, bu istiqamətdə həlledici olaylar 1990-1991-ci illərdə cərəyan etdi. 1990-cı ilin Qanlı Yanvar hadisələrindən sonra xalqı ilə bir olmaq, onun azadlıq və suverenlik arzularının gerçəkləşməsində iştirak etmək istəyən Heydər Əliyev Moskvadan Azərbaycana qayıtmışdı. O, Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan Ali Məclisinə deputat seçilmişdi. Heydər Əliyevin sədrliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin iclasında muxtar respublikanın adından “sovet sosialist” sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət bayrağı kimi qəbul edilməsi barədə qərarlar qəbul edildi və analoji addımların atılması üçün Azərbaycan Ali Soveti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırıldı. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyası demokratik qüvvələrin tələbi ilə bir sıra tarixi qərarlar qəbul etdi. Dövlətin adı dəyişdirilərək “Azərbaycan Respublikası” adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu. Azərbaycanın dövlət müstəqilliyi yolunda konstitusion müstəvidə ilk taleyüklü sınağı 1991-ci il martın 17-də keçirilən və SSRİ-nin saxlanmasına münasibəti öyrənən referendum ola bilərdi. Prezident Ayaz Mütəllibovun komandası isə “bəlkə də qaytardılar” arzusu ilə hələ də sovet rejimində yaşamaq yolunu tutmuşdu. Heydər Əliyev imperiyanın qorunub saxlamasına çalışan qüvvələrə etirazını bildirdi və 1991-ci il iyulun 19-da Kommunist Partiyası sıralarını tərk edərək Azərbaycanın rəhbərliyini xalqın haqlı tələblərini qulaqardına vurmamağa, Kommunist Partiyasının totalitar idarəçiliyinə son qoymağa çağırdı. Əvəzində Azərbaycan xalqı imperiyanın bərpası cəhdlərinə qəti etirazını nümayiş etdirdi. Respublikanın hər yerində irticaya tərəfdar olan qüvvələrə qarşı mitinqlər başlandı. 1991-ci il avqustun 26-da Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı. Mütəllibov iqtidarı xalqın əzmi qarşısında geri çəkilməli oldu. Ali Sovetin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyası 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul etdi. Bəyannamədə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin BMT-nin Nizamnaməsində, digər beynəlxalq hüquq paktlarında və konvensiyalarda təsbit edilmiş prinsiplərə müvafiq surətdə tanınması üçün dünya dövlətlərinə çağırış da yer almışdı. li Sovetin 1991-ci il 30 avqust tarixli iclasında həmçinin “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Konstitusiya Aktı layihəsini iki həftə müddətində hazırlamaq barədə qərar qəbul edildi. Lakin bu proses iki aya yaxın sürdü. Bu müddət ərzində SSRİ-nin əksər müttəfiq respublikaları, o cümlədən qonşu Ermənistan və Gürcüstan, Ukrayna, Moldova, Qırğızıstan, Özbəkistan, Tacikistan dövlət müstəqilliyini rəsmiləşdirmişdi. Ali Sovetin növbədənkənar sessiyasında Azərbaycanın Milli Ordusunun yaradılması məsələsi gündəmə gəlsə də, respublika rəhbərliyi buna qarşı çıxdı və parlament “Azərbaycan Respublikasının milli özünümüdafiə qüvvələrinin yaradılması haqqında” qərarla kifayətləndi. Qərarın icrası isə kağız üzərində qaldı. Ermənistanın Azərbaycana qarşı təcavüzü və Dağlıq Qarabağdakı separatçılıq hərəkatı isə genişlənirdi. Sentyabrın 14-də artıq tam iflasa uğramış Azərbaycan Kommunist Partiyası 33-cü fövqəladə qurultayını çağıraraq özünü buraxdığını bəyan etdi. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd – “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu.
Rüstəmov Bəhruz,
YAP-ın fəalı