GündəmAnalitikaSiyasət

Azərbaycan “Xızı-Abşeron” Külək Elektrik Stansiyasını istifadəyə verdi və yaşıl enerji siyasətində yeni mərhələyə qədəm qoydu

8 yanvar 2026-cı il tarixində Prezident İlham Əliyevin “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində etdiyi çıxış Azərbaycanın enerji siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu hadisə təkcə növbəti sənaye obyektinin istismara verilməsi deyil, eyni zamanda ölkənin strateji inkişaf prioritetlərinin, xüsusilə də “yaşıl enerji”yə keçidin real nəticələrini nümayiş etdirən mühüm siyasi və iqtisadi mesajdır. Prezidentin vurğuladığı kimi, 240 meqavat gücündə olan “Xızı-Abşeron” Külək Elektrik Stansiyası artıq bu gündən etibarən ölkənin enerji potensialını gücləndirəcək. Azərbaycanın enerji təhlükəsizliyi uzun illərdir ki, dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Neft və qaz ehtiyatları hesabına regional və qlobal enerji bazarlarında mühüm mövqeyə malik olan ölkə indi bərpaolunan enerji sahəsində də iddialı addımlar atır.

Bu, həm daxili tələbatın daha dayanıqlı şəkildə ödənilməsi, həm də ixrac imkanlarının genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Stansiyanın təməli 2022-ci ilin yanvarında qoyulmuşdu və cəmi dörd il ərzində layihənin uğurla başa çatdırılması Azərbaycanda iri infrastruktur layihələrinin planlı və effektiv icra olunduğunu göstərir. Bu müddət ərzində dövlət qurumları ilə özəl sektor arasında qurulan səmərəli əməkdaşlıq modeli xüsusi diqqətə layiqdir. Prezident İlham Əliyevin çıxışında əməyi keçən bütün qurumlara və mütəxəssislərə təşəkkür etməsi də məhz bu kollektiv yanaşmanın siyasi qiymətləndirilməsi kimi dəyərləndirilə bilər.

Mərasimdə xüsusi vurğulanan məqamlardan biri “ACWA Power” şirkətinin rolu oldu. Dünyanın aparıcı bərpaolunan enerji şirkətlərindən biri olan bu investorun Azərbaycanda ilk layihəsi məhz “Xızı-Abşeron” Külək Elektrik Stansiyasıdır. Lakin Prezidentin də qeyd etdiyi kimi, bu layihə sonuncu deyil. Şirkətin ölkəmizlə bağlı daha böyük planlarının olması və Azərbaycan dövlətinin bu planları tam dəstəkləməsi, ölkənin uzunmüddətli enerji strategiyasının beynəlxalq tərəfdaşlarla uzlaşdırıldığını göstərir. Bu əməkdaşlıq təkcə elektrik enerjisi istehsalı ilə məhdudlaşmır. Prezidentin çıxışında Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin də məhz “ACWA Power” tərəfindən icra ediləcəyinin bildirilməsi, Azərbaycanın su təhlükəsizliyi məsələsinə də kompleks yanaşdığını ortaya qoyur. İqlim dəyişiklikləri fonunda su resurslarının idarə edilməsi bir çox ölkələr üçün ciddi çağırışdır və Azərbaycan bu sahədə qabaqlayıcı addımlar ataraq gələcək riskləri minimuma endirməyə çalışır. Siyasi baxımdan “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılışı Azərbaycanın beynəlxalq imicinə də müsbət təsir göstərir.

Bu layihə ölkənin iqlim gündəliyinə sadiqliyini, Paris Sazişi çərçivəsində götürdüyü öhdəlikləri real layihələrlə dəstəklədiyini nümayiş etdirir. Eyni zamanda, Avropa və region ölkələri üçün etibarlı enerji tərəfdaşı olan Azərbaycanın “yaşıl enerji” sahəsində də yeni əməkdaşlıq imkanları yaratdığını göstərir. Nəticə etibarilə, Prezident İlham Əliyevin 8 yanvar 2026-cı il tarixli çıxışı və “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istifadəyə verilməsi, Azərbaycanın iqtisadi inkişaf modelində keyfiyyətcə yeni mərhələnin rəmzidir. Bu addım enerji təhlükəsizliyi, ekoloji məsuliyyət və beynəlxalq əməkdaşlıq arasında balanslı siyasətin bariz nümunəsi kimi ölkənin gələcək inkişaf trayektoriyasını müəyyənləşdirir.

İsmayıl Nağızadə,
Yeni Azərbaycan Partiyası, Məsləhətçi

Oxşar Xəbərlər

Back to top button