
Azərbaycanda ABŞ-ın vitse-prezidentinin rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında mühüm və tarixi hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən görüşlər və imzalanan Strateji Tərəfdaşlıq haqqında Xartiya iki dövlət arasında əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu sənəd son altı ay ərzində hər iki ölkənin heyətləri tərəfindən aparılan intensiv danışıqların və gərgin işin məntiqi nəticəsidir.
Altı ay əvvəl Vaşinqtonda Prezident Trampla keçirilən tarixi görüş və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması məqsədilə işçi qrupunun yaradılması barədə sənədin imzalanması ikitərəfli münasibətlər üçün yeni imkanlar açmışdı. Bu müddət ərzində tərəflər siyasi, iqtisadi, təhlükəsizlik və enerji sahələrində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində konkret addımlar atmış və nəticədə hərtərəfli əməkdaşlıq çərçivəsini müəyyən edən mühüm sənəd ortaya çıxmışdır.
Azərbaycan üçün dünyanın ən qüdrətli dövlətlərindən biri olan Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlıq münasibətlərinin qurulması böyük əhəmiyyət daşıyır. Xüsusilə ABŞ administrasiyasının Cənubi Qafqazda sülhün təşviqinə verdiyi töhfə yüksək qiymətləndirilir. Ötən ilin avqust ayında Ermənistan və Azərbaycan arasında sülh sazişinin Ağ Evdə paraflanması və Prezident Trampın iştirakı ilə Sülh haqqında Birgə Bəyannamənin imzalanması regionda yeni reallıq yaratmışdır. Artıq altı aydır ki, tərəflər sülh şəraitində yaşayır və qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində addımlar atılır.
Azərbaycan regionda əməkdaşlıq və iqtisadi inteqrasiyanın gücləndirilməsi istiqamətində də konkret təşəbbüslər həyata keçirir. Ermənistan istiqamətində tranzit yüklərə tətbiq olunan bütün məhdudiyyətlərin aradan qaldırılması və neft məhsullarının təchizatına başlanması bunun bariz nümunəsidir. Bu addımlar ticarət əlaqələrinin bərpasına və qarşılıqlı iqtisadi asılılığın formalaşmasına xidmət edir.
Regionda sülhün və rifahın möhkəmləndirilməsi baxımından TRIPP – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsi xüsusi əhəmiyyət daşıyır. Layihə Azərbaycanın iki hissəsini birləşdirməklə yanaşı, Azərbaycan, Ermənistan və digər qonşu ölkələrin ərazilərindən keçərək Asiya ilə Avropanı birləşdirən etibarlı və təhlükəsiz nəqliyyat dəhlizi yaratmağı nəzərdə tutur. Bu təşəbbüs regionun geosiyasi və geoiqtisadi əhəmiyyətini daha da artırmaqla, uzunmüddətli sabitliyə töhfə verəcək.
İmzalanmış Xartiyada təhlükəsizlik və antiterror sahəsində əməkdaşlıq mühüm yer tutur. Azərbaycan artıq 16 ölkənin enerji təhlükəsizliyinin təminatçısıdır ki, onların 11-i NATO üzvü və ABŞ-ın müttəfiqidir. Bu fakt Azərbaycanın qlobal enerji təhlükəsizliyində oynadığı rolu aydın şəkildə göstərir. Eyni zamanda, müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi və müdafiə məhsullarının satışı üzrə yeni istiqamətlərin müəyyənləşdirilməsi münasibətlərin daha da dərinləşəcəyinə işarə edir.
Müasir dövrün əsas prioritetlərindən biri olan süni intellekt sahəsində əməkdaşlıq da ikitərəfli gündəliyin mühüm hissəsinə çevrilib. Azərbaycanın aparıcı Amerika şirkətləri ilə birgə süni intellekt mərkəzlərinin yaradılması istiqamətində ilkin nəticələr əldə etməsi texnologiya və innovasiya sahəsində tərəfdaşlığın perspektivlərini göstərir.
Beləliklə, ABŞ vitse-prezidentinin Azərbaycana rəsmi səfəri, imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası və aparılan danışıqlar iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Bu mərhələ qarşılıqlı hörmətə, ortaq maraqlara və regionda sülhün möhkəmləndirilməsinə əsaslanan uzunmüddətli strateji əməkdaşlığın təməlini təşkil edir.
Mirsadıq Səməndərli,
Yeni Azərbaycan Partiyası, məsləhətçi



