AnalitikaGündəmOrdu

4 oktyabr – Cəbrayıl şəhəri günü Prezident İlham Əliyevin müdrik siyasətini və xalqımızın iradəsini təcəssüm etdirir

“2020-ci il Vətən müharibəsi Azərbaycan xalqının tarixinə qürur və şərəf salnaməsi kimi yazıldı. Bu Zəfər dastanında xüsusi yeri olan Cəbrayıl əməliyyatı həm mürəkkəbliyi, həm də strateji əhəmiyyəti ilə fərqləndi. 4 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu Cəbrayıl şəhərini işğaldan azad etməklə bütün xalqımıza Böyük Qayıdışın yolunu açdı. Cəbrayılın azad olunması düşmənin qurduğu çoxsəviyyəli müdafiə xətlərinin yarılması və Azərbaycan Ordusunun üstünlüyünün təsdiqi idi. Bu uğur qısa zamanda digər rayonların da azad edilməsinə şərait yaratdı. 22 minə yaxın hərbi qulluqçunun “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunması həmin döyüşlərin qəhrəmanlıq simvoluna çevrildi. Xüsusilə qədim Xudafərin körpülərinin azad edilməsi və Ali Baş Komandan İlham Əliyevin burada ucaltdığı üçrəngli bayraq xalqımızın yaddaşına əbədi həkk olundu”.

Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Prezident İlham Əliyevin 2023-cü il sərəncamı ilə 4 oktyabrın Cəbrayıl şəhəri günü elan edilməsi isə bu tarixi Zəfərin əbədiləşdirilməsidir.
Zəfərdən sonra Cəbrayıl yeni bir mərhələyə – bərpa və quruculuq dövrünə qədəm qoydu. Prezident İlham Əliyevin təşəbbüsləri ilə bölgədə genişmiqyaslı layihələr icra olunur. 2021-ci ildə yaradılan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı Şərqi Zəngəzurun iqtisadi inkişafına güclü təkan verdi. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Şükürbəyli-Cəbrayıl-Hadrut və digər avtomobil yolları həm regionu birləşdirir, həm də Zəngəzur dəhlizinə açılan qapıya çevrilir. 2023-cü ildə təsdiqlənən “Cəbrayıl şəhərinin 2040-cı ilədək Baş planı” isə Böyük Qayıdışın yol xəritəsini müəyyən edir. Artıq Böyük Mərcanlı, Karxulu, Sarıcallı və digər kəndlərin bərpasına başlanılıb, yeni yaşayış kompleksləri, məktəblər, xəstəxanalar tikilir. İlk köç karvanları doğma torpaqlara dönüb və bu proses sürətlə davam edir.

“Prezident İlham Əliyevin Cəbrayıla səfərləri də bölgəyə olan diqqət və qayğının təzahürüdür. Dövlət başçısı işğaldan azad olunmuş şəhərdə bayraq ucaltdı, yeni məktəblərin, sənaye müəssisələrinin, elektrik yarımstansiyalarının, yaşayış məhəllələrinin açılışında iştirak etdi. 2022-ci ildə Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə Cəbrayılda birgə layihələrin təməlqoyma mərasimində iştirak etməsi isə Azərbaycan-Türkiyə dostluğunun gücünü göstərdi”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, bu gün Cəbrayıl işğaldan azad edilmiş torpaq olmaqla yanaşı, həm də dirçəlişin, güclü dövlətin və sabaha inamın rəmzinə çevrilib. 4 oktyabr – Cəbrayıl şəhəri günü Azərbaycanın yenilməzliyini, Prezident İlham Əliyevin müdrik siyasətini və xalqımızın iradəsini təcəssüm etdirir.

Oxşar Xəbərlər

Back to top button