4 Oktyabr – Cəbrayıl Şəhəri Günü

4 Oktyabrda Vətən müharibəsinin şanlı səhifələrindən birini – Cəbrayıl şəhərinin düşmən işğalından azad edildiyi günü böyük qürurla qeyd edirik.
2020-ci il oktyabrın 4-də Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Cəbrayılı azad edərək Zəfər yolumuzun təməlini qoydu. Bu gün Cəbrayıl xarabalıqlardan dirçələn, sürətli quruculuq işləri ilə yenidən həyata qayıdan məğrur bir şəhərdir.
30 illik həsrətə son qoyulan, Böyük Qayıdışın işığı ilə nura qərq olan Cəbrayılın işğaldan azad olunmasından illər keçir və şəhər hər gün daha da gözəlləşir, dirçəlir. Prezdent İlham Əliyevin müvafiq sərəncamı ilə təsis edilən Cəbrayıl Şəhəri Günü yalnız bir ərazinin azad olunması deyil, 30 illik torpaq həsrətinə vurulan ilk böyük zərbənin və Vətən müharibəsindəki həlledici dönüş nöqtəsinin rəmzidir.
1993-cü il avqustun 23-də işğala məruz qalan Cəbrayıl rayonu uzun illər ərzində erməni vandalizminin qurbanı olmuşdu. Şəhərin infrastrukturu, tarixi-mədəni abidələri, evləri yerlə-yeksan edilmiş, ərazisi xarabalığa çevrilmişdi.
Lakin 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri düşmənə sarsıdıcı zərbələr endirərək sürətlə irəlilədi. Oktyabrın 4-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayıl şəhərinin və rayonun bir neçə kəndinin işğaldan azad olunması müjdəsini xalqa çatdırdı. Bu xəbər Vətən müharibəsindəki ilk böyük şəhər qələbəsi olmaqla yanaşı, həm də xalqımızın qələbəyə olan inamını birə-beş artırdı. Cəbrayılın azad edilməsi strateji baxımdan Araz boyu rayonlara və Zəngilana, Qubadlıya doğru irəliləmək üçün geniş imkanlar açdı.
Bu gün Cəbrayıl tamamilə yeni dövrünü yaşayır. Dövlətin həyata keçirdiyi “Böyük Qayıdış” proqramı çərçivəsində şəhərdə və ətraf kəndlərdə misilsiz quruculuq-bərpa işləri aparılır.Müasir yollar layihələndirilir, enerji və su təchizatı sıfırdan qurulur.”Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması Cəbrayılı bölgənin mühüm logistik və sənaye mərkəzinə çevirir.Yeni yaşayış kompleksləri, məktəblər, xəstəxanalar tikilir, cəbrayıllılar doğma ocaqlarına geri dönürlər.
Xudafərin körpüsü kimi milli-mənəvi dəyərimizi özündə yaşadan Cəbrayıl, həm də strateji və mədəni körpü rolunu bərpa edir. Xudafərin dərhal azad edildikdən sonra orada Azərbaycan bayrağının ucaldılması milli qürurumuzun təntənəsi idi.
4 Oktyabr – Cəbrayıl Şəhəri Günü bizə həm keçmişin ağrı-acısını, həm də bu günün Böyük Zəfər qürurunu xatırladır. Torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət diləyir, qazilərimizə minnətdarlığımızı bildiririk.
Cəbrayıl artıq dirçələn, böyüyən və gələcəyə inamla addımlayan Zəfər şəhəridir!
Həmidə Əliəvsərova,
KBTRL-nin həkim-pediatr



