307 nömrəli məktəbdə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

28 May – Müstəqillik Günü münasibətilə 307 nömrəli tam orta məktəbdə əlamətdar tədbir təşkil olunub. Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, müstəqillik uğrunda aparılan mübarizə və dövlətçiliyimizin əsasları müxtəlif bədii kompozisiyalar, milli rəqslər, musiqi nömrələri və səhnəciklər vasitəsilə şagirdlər tərəfindən dolğun və məzmunlu şəkildə təqdim edilib.
Victorytime.az xəbər verir ki, tədbirin əsas məqsədi şagirdlərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi, milli kimlik və tarix şüurunun formalaşdırılması, eləcə də onların dövlətçilik dəyərlərinə bağlılığının artırılması olub. Bu kimi tədbirlər gənc nəslin ictimai-sosial fəallığını artırmaqla yanaşı, onların milli dəyərlər əsasında formalaşmasına mühüm töhfə verir.
Təhsil müəssisələri və pedaqoji kollektivin üzərinə düşən əsas vəzifələrdən biri də gələcəyin vətəndaşlarını milli ruhda yetişdirməkdir. Bu baxımdan, məktəbdə təşkil olunan tədbirlər təkcə bilik ötürmək deyil, eyni zamanda gənclərdə vətənə sevgi, milli qürur və məsuliyyət hissinin aşılanması baxımından da əhəmiyyətlidir.
Məktəbin sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçısı Elşən Rəsulov çıxışında qeyd edib: “Hər bir gənc müstəqilliyimizin canlı şahidi və qoruyucusudur. Onların yetişdirilməsi isə xalqımızın gələcəyinə olan ən böyük sərmayədir.”
Sonda tədbir iştirakçıları bir daha əmin oldular ki, tarixini dərindən bilən və milli dəyərlərə sahib çıxan gənclik Azərbaycanın sabahı üçün möhkəm təməl yaradır.