
27 Sentyabr Azərbaycan tarixində həm kədərli, həm də qürurverici bir gündür. Bu gün 2020-ci ildə başlanan və 44 gün davam edən Vətən müharibəsinin başlanğıc tarixidir. Azərbaycan Ordusu həmin gün işğal altında olan torpaqlarımızın azadlığı uğrunda əks-hücum əməliyyatına başladı və xalqımızın otuz ilə yaxın davam edən həsrətinə son qoydu.
Anım Günü 2020-ci ilin dekabrında Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilmişdir. Bu günün qeyd olunmasının əsas məqsədi müharibə zamanı canlarını qurban verən bütün şəhidlərimizin əziz xatirəsini yad etmək, onların qəhrəmanlığını gələcək nəsillərə çatdırmaqdır.
Azərbaycan xalqı 27 Sentyabrı hər il böyük ehtiramla qeyd edir. Hər bir bölgədə şəhidlərimizin məzarları ziyarət olunur, məscidlərdə, kilsələrdə və digər ibadət ocaqlarında dualar oxunur. Dövlət qurumları, ictimai təşkilatlar və vətəndaşlar bu gün bir araya gələrək şəhidlərin ruhuna hörmətlərini ifadə edirlər.
Vətən müharibəsində qazanılan böyük Zəfər şəhidlərimizin qanı və qazilərimizin fədakarlığı hesabına mümkün olmuşdur. Onların göstərdiyi igidlik və vətənpərvərlik Azərbaycan gəncliyi üçün əbədi nümunədir.
27 Sentyabr – Anım Günü yalnız hüzn günü deyil, həm də birlik, həmrəylik və azadlıq uğrunda mübarizədə xalqımızın gücünü göstərən rəmzdir. Bu gün biz bir daha sübut edirik ki, şəhidlərimizin qanı yerdə qalmadı, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və onların arzuları gerçəkləşdi.
Şəhidlərimizin xatirəsi əbədi, ruhları şad olsun!
Günel Əbdürəhmanova
Yeni Azərbaycan Partiyası, məsləhətçi