AnalitikaGündəmOrdu

27 sentyabr Anım Günü olmaqla yanaşı, həm də milli qürur günüdür

Hər bir xalqın həyatında elə mühüm tarixi anlar olur ki, bu anlar həmin xalqın yalnız bugününə təsir etmir, onun bütün gələcəyini şəkilləndirir, tarixinə yön verir. Xalqın gücü, mübarizə ruhu həmin anlarda özünü bütün əzəməti ilə büruzə verir. Azərbaycan xalqı üçün bu cür mühüm tarixi anlardan biri 27 Sentyabr – Anım Günüdür.  Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” sərəncamla əbəiləşdirdiyi bu gün yalnız ölkəmizdə deyil, respublikamızdan kənarda yaşayan azərbaycanlılar tərəfindən də ehtiramla qeyd olunur. Xatırladaq ki, 2020-ci ilin 27 sentyabr tarixində əks-hücumla torpaqlarımızın erməni faşizmindən azad edilməsi uğrunda mübarizəyə başlayan Azərbaycan Ordusu, bu müqəddəs missiyanın öhdəsindən bacarıqla gəlmiş, cəmi 44 gün ərzində ərazi bütövlüyümüzü təmin etmişdir. Bununla da 30 ildən çox davam edən erməni işğalına son qoyulmuş, Azərbaycan təkbaşına, öz gücü və imkanları ilə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasına nail olmuşdur. Azərbaycan xalqı, Azərbaycan ordusu 27 sentyabr tarixində başlatdığı mübarizə ilə sadəcə işğaldakı torpaqlarını azad etməmiş, həm də milli qürurunu, milli ləyaqətini bərpa etmiş, ərazi baxımından olduğu kimi, mənəvi baxımdan da bütövləşmişdir. Bu həqiqət Prezident İlham Əliyevin çıxışlarında da öz əksini tapmış, Müzəffər Ali Baş Komandan tərəfindən dəfələrlə dilə gətirilmişdir. Dövlət başçısının 2021-ci ilin 27 sentyabr tarixində xalqa etdiyi müraciət buna sübutdur. Prezident İlham Əliyev həmin tarixi müraciətində demişdir: “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”. Göründüyü kimi, dövlət başçısı 44 günlük Vətən müharibəsində xalqımızın əldə etdiyi zəfəri milli ləyaqətimizin bərpası baxımından da yüksək qiymətləndirir, buna xüsusi önəm verir. Bu fakt bir daha göstərir ki, 2020-ci ilin 27 sentyabr tarixində başlayan və həmin ilin 10 noyabr tarixində başa çatan 44 günlük Vətən müharibəsi bütün parametr və müstəvilərdə dövlətimizin maraqlarını təmin etmiş, onun inkişafında, yüksəlişində yeni bir dönəmin başlanğıcını qoymuşdur.

Əyyub Əliyev
Yeni Azərbaycan Partiyası , Məsləhətçi

Oxşar Xəbərlər

Back to top button