
1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müstəqillik tarixində mühüm siyasi hadisə oldu. Həmin dövrdə ölkəmiz siyasi böhran, iqtisadi tənəzzül, idarəçilik problemləri və Ermənistanın hərbi təcavüzü ilə üz-üzə qalmışdı. Cəmiyyətdə sabitliyin təmin olunmasına, milli birliyin möhkəmləndirilməsinə və dövlətçilik təcrübəsinə malik siyasi liderə böyük ehtiyac duyulurdu. Yeni Azərbaycan Partiyasının yaranması məhz bu tarixi zərurətdən irəli gəlirdi.
Partiyanın yaradılması Azərbaycanın müxtəlif bölgələrindən olan ziyalıların, ictimai-siyasi xadimlərin və vətəndaşların təşəbbüsü ilə reallaşdı. Onlar ölkənin gələcəyini düşünərək Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında yeni siyasi təşkilatın formalaşdırılmasını zəruri hesab edirdilər. Naxçıvanda təsis edilən Yeni Azərbaycan Partiyası qısa müddətdə geniş ictimai dəstək qazandı. Bu, xalqın sabitliyə və güclü dövlət quruculuğuna olan istəyinin siyasi ifadəsi idi.
Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi Azərbaycanın gələcək inkişafının əsasını təşkil etdi. Onun siyasi fəlsəfəsinin mərkəzində müstəqil dövlətin qorunması, milli həmrəylik, suverenlik və xalqın rifahı dayanırdı. Yeni Azərbaycan Partiyasının ideoloji xətti də məhz bu prinsiplər üzərində formalaşdı. Partiyanın fəaliyyəti zaman keçdikcə ölkənin siyasi həyatında mühüm yer tutaraq dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə xidmət etdi.
2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafında yeni mərhələ başladı. Ulu Öndərin müəyyən etdiyi strateji kurs müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirildi. İqtisadiyyatın şaxələndirilməsi, infrastrukturun yenilənməsi, müdafiə potensialının artırılması və beynəlxalq əlaqələrin genişləndirilməsi ölkənin gücünü daha da artırdı. Bu siyasət Azərbaycanın regionda nüfuzlu dövlətə çevrilməsinə mühüm töhfə verdi.
2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər Milli Qurtuluş ideyasının ən parlaq nəticələrindən biri kimi tarixə düşdü. Azərbaycan Ordusunun qəhrəmanlığı və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildi. 2023-cü ilin sentyabrında suverenliyin tam bərpası dövlətçilik tariximizin mühüm mərhələsini tamamladı. Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyəti bu tarixi proseslər fonunda milli birlik və güclü dövlət quruculuğunun siyasi ifadəsi kimi qiymətləndirilir.
Arif Məmmədov,
YAP Nizami rayon təşkilatının fəalı



