AnalitikaDünyaGündəmSiyasət

Azərbaycanın beynəlxalq tərəfdaşlıq siyasətində etimad amili

Beynəlxalq münasibətlərdə uzunmüddətli əməkdaşlığın əsas şərtlərindən biri qarşılıqlı etimaddır. Dövlətlər arasında siyasi və iqtisadi əlaqələrin inkişafı tərəflərin bir-birinin maraqlarına hörmət etməsi, öhdəliklərinə sadiq qalması və razılaşmaları ardıcıl şəkildə həyata keçirməsi ilə mümkündür. Azərbaycan xarici siyasətində etimadın formalaşdırılmasını mühüm prioritet kimi qəbul edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diplomatik fəaliyyət Azərbaycanın beynəlxalq tərəfdaşları ilə qarşılıqlı faydalı münasibətlər qurmasına yönəlib. Ölkəmiz enerji, nəqliyyat, təhlükəsizlik və iqtisadiyyat sahələrində etibarlı əməkdaşlıq təcrübəsi formalaşdıraraq beynəlxalq mövqeyini gücləndirib.

Böyük Britaniya ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi də uzun illər ərzində formalaşmış etimadın siyasi ifadəsidir. 1994 və 1998-ci illərdə qəbul edilmiş ikitərəfli sənədlərdən sonra 2026-cı il Birgə Bəyannaməsi əlaqələrin yeni mərhələsini müəyyənləşdirir. Bu ardıcıllıq tərəflərin əməkdaşlığı genişləndirmək niyyətini nümayiş etdirir.

Sənəddə müdafiə, təhlükəsizlik, iqtisadiyyat, investisiya, təhsil və innovasiya sahələrində praktiki əməkdaşlığın nəzərdə tutulması etimadın konkret fəaliyyət istiqamətlərinə çevrilməsinə imkan yaradır. İllik Strateji Tərəfdaşlıq görüşlərinin keçirilməsi də qarşılıqlı öhdəliklərin nəzərdən keçirilməsi və gələcək prioritetlərin müəyyənləşdirilməsi baxımından vacibdir.

Etimadın qorunması hər bir strateji tərəfdaşlığın davamlılığını müəyyən edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq əlaqələrində qarşılıqlı hörmət və milli maraqlar prinsipini əsas götürür. Böyük Britaniya ilə yeni əməkdaşlıq çərçivəsi də bu yanaşmanın inkişaf etdirilməsi üçün mühüm imkanlar təqdim edir.

Kəmalə Abdullayeva,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button