Cəbrayılın azad olunması hərbi tariximizin şanlı səhifəsidir

2020-ci ilin sentyabr ayının 27-də başlanan Vətən müharibəsi Azərbaycan Ordusunun peşəkarlığını və rəşadətini bütün dünyaya sübut etdi. Cəbrayıl istiqamətində aparılan hərbi əməliyyatlar müharibənin taleyini həll edən ən mühüm mərhələlərdən biri idi. Düşmən bu istiqamətdə illər ərzində keçilməz istehkamlar, mina sahələri və müdafiə xətləri qurmuşdu. Lakin Azərbaycan hərbçiləri yüksək döyüş hazırlığı, misilsiz qəhrəmanlıq və taktiki bacarıq nümayiş etdirərək bu müdafiəni darmadağın etdilər.
4 oktyabr 2020-ci il tarixində Cəbrayıl şəhərinin işğaldan azad edilməsi cəbhədəki qələbə silsiləsinin başlanğıcı oldu. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi strategiya düşməni dalana dirədi. Cəbrayıl əməliyyatında iştirak edən xüsusi təyinatlı qüvvələr, motoatıcılar, artilleriyaçılar və digər qoşun növləri əsl qəhrəmanlıq nümunəsi göstərdilər. Bir çox hərbçimiz bu döyüşlərdə qəhrəmancasına şəhid oldu, yüksək orden və medallara layiq görüldülər. Onların xatirəsi hər zaman əziz tutulur və qəlblərdə əbədi yaşayır. Cəbrayıl döyüşləri həm də müasir hərb elminə yeni dərslər yazdı, pilotsuz uçuş aparatlarının və qabaqcıl texnologiyaların müharibədəki rolunu nümayiş etdirdi. Şəhərin azad olunması ətrafdakı strateji yüksəkliklərin nəzarətə götürülməsinə və düşmənin təminat yollarının kəsilməsinə imkan yaratdı. Bu qələbə xalqımızın orduya olan etimadını və dəstəyini sonsuz dərəcədə artırdı. Arxa cəbhədəki hər bir vətəndaş “Dəmir Yumruq” ətrafında sıx birləşərək əsgərimizə mənəvi dəstək oldu.
Cəbrayıl şəhəri günü qeyd olunarkən bu hərbi zəfərin əldə olunmasında əməyi olan hər bir qəhrəmanın adı minnətdarlıqla çəkilir. Azərbaycan əsgərinin şücaəti tariximizə qızıl hərflərlə yazıldı və heç vaxt unudulmayacaq. Cəbrayılın azad edilməsi ilə bağlı xatirələr gələcək nəsillərə vətənpərvərlik dərsi kimi öyrədilir. Bu gün azad Cəbrayılın səmasında dalğalanan üçrəngli bayrağımız qəhrəmanlarımızın qanı bahasına ucaldılmışdır. Cəbrayıl şəhəri günü hərbi qüdrətimizin və milli birliyimizin bayramıdır. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə dərin minnətdarlığımızı bildiririk. Cəbrayılın azad olunması hərbi tariximizin şanlı səhifəsidir.
Validə Abbasova,
Nizami rayonunun ictimai fəalı, şəhid ailəsi



