
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirdiyi “Tarixi irs: memarlıq nümunələrinə retrospektiv baxış” layihəsi çərçivəsində rayon təşkilatının gənclər və könüllüləri Keşlə qəbəsində yerli əhəmiyyətli memarlıq abidəsi olan Şah Abbas məscidində olublar.
Aktualinfo Media Qrup xəbər verir ki, Şah Abbas məscidi axundunun müavini, ilahiyyatçı Hacı Cəfər Cəfəri onlara məlumat verilib ki, Bakının ən qədim kəndlərindən olan Keşlədəki məscid 4 əsr bundan əvvəl Şah Abbas zamanında tikdirilmişdir. Elə buna görə də o vaxtdan “Şah Abbas məscidi” adlanır. Əhəng daşı ilə kvadrat şəklində inşa olunmuş məscid və ətrafındakı 130 kvadratmetrlik yardımçı tikililər 4 əsrdir ki, müsəlmanların xidmətindədir. 2023-cü ildə Prezident İlham Əliyevin tapşırığı əsasında əsaslı şəkildə təmir olunaraq istifadəyə verilib. Təmir və bərpa işləri aparılarkən binanın ilkin tarixi görünüşünün qorunub saxlanılmasına xüsusi diqqət yetirilmiş, məscidin və ətrafdakı tikililərin üzlük daşları yenilənmişdir. Məscidin günbəz örtüyü yenisi ilə əvəz olunmuş və binanın memarlıq üslubuna uyğun olaraq, hündürlüyü 20 metr olan minarə inşa edilmişdir. Həyətdə imam üçün (70 nəfərlik) otaq, əlavə ibadətxana, (80 nəfərlik) ehsan zalı, dəstəmaz almaq üçün xüsusi yerlər, mətbəx, anbar, qazanxana, təsərrüfat otaqları tikilmiş və bərpa olunmuşdur.
Məscidin həyətinə daxil olmaq üçün iki yerdən giriş qapısı və ümumi memarlıq üslubunu tamamlayan 52 metr uzunluğunda hasar inşa olunmuşdur.







