
Xocalı soyqırımı Azərbaycan xalqının tarixində ən dəhşətli və faciəli hadisələrdən biridir. Bu soyqırımı XX əsrin sonunda insanlığa qarşı törədilmiş ağır cinayətlər sırasında xüsusi yer tutur. Hadisə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermişdir. Həmin gecə Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhəri tam mühasirəyə alınmışdı. Şəhər uzun müddət Ermənistan silahlı qüvvələrinin hücumlarına məruz qalırdı. Xocalının strateji mövqeyi onu xüsusi hədəfə çevirmişdi. Şəhərdə bölgənin yeganə hava limanı yerləşirdi. Hücum gecəsi yaşayış məntəqəsi ağır artilleriya ilə atəşə tutuldu. Dinc əhali üçün heç bir təhlükəsiz çıxış yolu saxlanılmamışdı. Qadınlar, uşaqlar və qocalar şəhəri tərk etməyə çalışırdı. Onlar dağ yolları və meşələr vasitəsilə xilas olmaq istəyirdi. Lakin mühasirədə olan insanlar pusquya salındı. Qaçmağa çalışan dinc sakinlər amansızcasına güllələndi. Şaxtalı qış gecəsində yüzlərlə insan həyatını itirdi. Rəsmi məlumatlara görə 613 nəfər qətlə yetirilmişdir.
Onlardan 63 nəfəri uşaq idi. 106 nəfər qadın olmuşdur. 70 nəfər yaşlı insan xüsusi qəddarlıqla öldürülmüşdür. 487 nəfər ağır yaralanmışdır. 1275 nəfər girov götürülmüşdür. Girovların bir qisminin taleyi bu günə qədər naməlum qalır. Bəzi ailələr tamamilə məhv edilmişdir. Bir çox uşaqlar hər iki valideynini itirmişdir. Hadisə zamanı insanlara qarşı qeyri-insani rəftar edilmişdir. Meyitlərin üzərində işgəncə izləri aşkar olunmuşdur. İnsanların başlarının dərisi soyulmuşdu. Bəzi meyitlər yandırılmışdı. Bu vəhşiliklər beynəlxalq jurnalistlər tərəfindən də qeydə alınmışdır.
Xarici media nümayəndələri hadisə yerindən reportajlar hazırlamışdır. Onlar gördüklərini insanlığa sığmayan cinayət kimi qiymətləndirmişdir. Xocalı faciəsi beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması idi. Hadisə Cenevrə Konvensiyalarına tam ziddir. Bu soyqırımı planlı və məqsədli şəkildə həyata keçirilmişdir.
Məqsəd Azərbaycan əhalisini qorxu altında saxlamaq idi. Eyni zamanda bölgədə etnik təmizləmə aparılırdı. Faciyədən sonra Xocalı şəhəri tamamilə dağıdıldı. Şəhər əhalisi doğma yurdlarından didərgin salındı. Minlərlə insan qaçqın və məcburi köçkün həyatına məhkum edildi. Onlar uzun illər ağır şəraitdə yaşadı. Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında silinməz iz buraxdı. Bu ağrı nəsildən-nəslə ötürülür. Hər il fevralın 26-sı ölkədə matəm günü kimi qeyd olunur. Həmin gün şəhidlərin xatirəsi ehtiramla anılır. Abidələr önünə güllər düzülür. Xocalı həqiqətlərinin dünyaya çatdırılması dövlət siyasətinin mühüm istiqamətidir. Bu məqsədlə beynəlxalq tədbirlər keçirilir. Xarici ölkələrdə sərgilər və konfranslar təşkil olunur.
Bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımını tanımışdır. Bu tanınma ədalətin bərpası yolunda mühüm addımdır. Buna baxmayaraq, cinayətkarlar hələ də cəzasızdır. Bu fakt beynəlxalq ədalət sisteminə ciddi zərbə vurur. Xocalı qurbanlarının ruhu ədalət tələb edir. Azərbaycan xalqı bu faciəni heç vaxt unutmayacaq. Gənc nəsil Xocalı həqiqətləri ruhunda tərbiyə olunur. Məktəblərdə və ali təhsil müəssisələrində bu mövzu öyrədilir. Kitablar, filmlər və sənədli materiallar hazırlanır. Xocalı faciəsi yalnız Azərbaycanın deyil, bütün bəşəriyyətin problemidir. Çünki burada insanlıq dəyərləri tapdanmışdır. Bu cür cinayətlərin təkrarlanmaması üçün tarixdən dərs alınmalıdır. Beynəlxalq ictimaiyyət susmamalıdır. Sükut ədalətsizliyə xidmət edir. Xocalı soyqırımı insanlığa qarşı cinayət kimi tanınmalıdır. Bu, sülhün və ədalətin təmin olunması üçün zəruridir.
Əlizadə Günel,
Yeni Azərbaycan partiyası,məsləhətçi



