AnalitikaGündəmSiyasət

İtaliya–Azərbaycan Strateji Əməkdaşlığı Yeni Mərhələyə qədəm qoyur

30 sentyabr 2025-ci il tarixində İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyev ilə keçirilən yüksək səviyyəli görüşlər və mətbuata verdikləri birgə bəyanatlar, İtaliya–Azərbaycan münasibətlərinin dərin və hərtərəfli inkişaf etdiyini bir daha təsdiqlədi. Bu səfər iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinin növbəti mərhələsi kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin bəyanatında vurğuladığı kimi, İtaliya ilə Azərbaycan arasında münasibətlər təkcə dostluq və qarşılıqlı hörmət prinsiplərinə deyil, eyni zamanda, ortaq maraqlara əsaslanan çoxşaxəli əməkdaşlıq çərçivəsində inkişaf edir. Prezident Mattarellanın Azərbaycana ikinci rəsmi səfəri, bu əlaqələrin davamlı və dinamik xarakter daşıdığını göstərir. Əvvəlki səfərin 7 il öncə baş tutduğu nəzərə alınarsa, bu səfərin strateji əhəmiyyəti və simvolik məzmunu daha aydın şəkildə üzə çıxır. Azərbaycan və İtaliya arasında bu günə qədər iki mühüm strateji tərəfdaşlıq sənədi imzalanmışdır. Onlardan birincisi 2015-ci ildə, ikincisi isə 2020-ci ildə – Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə kimi təsdiqlənmişdir. Bu sənədlər ikitərəfli münasibətlərin dərinləşdirilməsi üçün hüquqi və siyasi baza rolunu oynayır. Prezident Əliyevin bəyanatında qeyd edildiyi kimi, son illər ərzində münasibətlər yalnız siyasi sahədə deyil, iqtisadi, enerji, mədəniyyət və digər istiqamətlərdə də mühüm irəliləyişlərlə müşayiət olunub. İtaliya hazırda Azərbaycanın əsas ticarət tərəfdaşıdır. İki ölkə arasında ticarət dövriyyəsinin ildən-ilə artması, qarşılıqlı iqtisadi maraqların nə qədər güclü olduğunu nümayiş etdirir. Xüsusilə enerji sahəsində həyata keçirilmiş layihələr bu münasibətlərin strateji xarakterini daha da gücləndirir. Azərbaycanın neft və qaz ehtiyatlarının İtaliya vasitəsilə Avropa bazarlarına çıxarılması, təkcə iqtisadi deyil, eyni zamanda geosiyasi baxımdan da əhəmiyyətli nəticələr doğurur. Bu əməkdaşlıq Avropanın enerji təhlükəsizliyinə töhfə verir və Azərbaycanın beynəlxalq enerji siyasətindəki mövqeyini daha da möhkəmləndirir. Azərbaycanın TAP (Trans-Adriatik Boru Kəməri) layihəsində əsas iştirakçılardan biri olması, İtaliya ilə enerji əməkdaşlığını strateji səviyyəyə çatdırmışdır. Prezident İlham Əliyev çıxışında bu məsələni xüsusi qeyd edərək, Azərbaycanın təbii resurslarının dünya bazarlarına çıxarılmasında İtaliyanın rolunu yüksək qiymətləndirdi. Bu əməkdaşlıq təkcə iqtisadi qazanc deyil, eyni zamanda Avropanın enerji şaxələndirmə strategiyasına dəstək kimi çıxış edir. Siyasi əlaqələrin intensivliyi də diqqətdən kənarda qalmır. Dövlət başçılarının mütəmadi görüşləri və dialoqu, qarşılıqlı inam və etimada əsaslanır. Prezident İlham Əliyev öz bəyanatında ötən il İtaliyaya etdiyi səfəri və həmin səfər zamanı Prezident Mattarellanı Azərbaycana rəsmi səfərə dəvət etdiyini xatırladaraq, bu səfərlərin iki ölkə arasında strateji əməkdaşlığın siyasi iradəyə söykəndiyini göstərdiyini vurğuladı. Bütün bu amillər göstərir ki, İtaliya–Azərbaycan əlaqələri artıq ikitərəfli münasibətlərin klassik çərçivəsindən çıxaraq, regional və qlobal əhəmiyyət kəsb edən strateji əməkdaşlıq səviyyəsinə çatıb. Hazırkı beynəlxalq şəraitdə, xüsusilə enerji təhlükəsizliyi və sabit ticarət zəncirlərinin formalaşdırılması fonunda bu əməkdaşlığın dəyəri daha da artır. Prezident Mattarellanın Azərbaycana səfəri, yalnız keçmişdə atılmış addımların qiymətləndirilməsi deyil, eyni zamanda gələcək üçün yol xəritəsinin müəyyənləşdirilməsi baxımından mühüm hadisədir. Bu səfər, İtaliya ilə Azərbaycanın strateji tərəfdaşlığının gələcək illərdə də daha da güclənəcəyinə dair ciddi mesaj verir.

İsmayıl Nağızadə,
Yeni Azərbaycan partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button