
Sentyabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarella arasında keçirilən görüş iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi baxımından mühüm hadisə kimi yadda qaldı. Görüşdən sonra mətbuata verilən bəyanatda Prezident İlham Əliyev Azərbaycan-İtaliya əlaqələrinin qarşılıqlı hörmət, etimad və dərin dostluq üzərində qurulduğunu vurğuladı.
Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, İtaliya Azərbaycanın Avropa İttifaqı məkanında ən vacib tərəfdaşlarından biridir. O, siyasi, iqtisadi, enerji, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın geniş vüsət aldığını bildirdi. Xüsusilə enerji sahəsində İtaliya ilə əməkdaşlığın həm Azərbaycan, həm də Avropa üçün strateji əhəmiyyət daşıdığını qeyd etdi. Prezident vurğuladı ki, Cənub Qaz Dəhlizi layihəsi bu əməkdaşlığın parlaq nümunəsidir və Azərbaycanın etibarlı enerji tərəfdaşı statusunu bir daha təsdiqləyir.
İlham Əliyev çıxışında həmçinin İtaliya ilə hərbi, sənaye və nəqliyyat sahələrində əlaqələrin də inkişaf etdirilməsindən danışdı. O bildirdi ki, artıq bir sıra birgə layihələr həyata keçirilir, qarşılıqlı sərmayə qoyuluşu genişlənir və yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirilir. Prezident qeyd etdi ki, Azərbaycan postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərin bərpası prosesinə İtaliya şirkətlərinin də fəal qoşulmasını yüksək qiymətləndirir.
İtaliya Prezidentinin səfəri zamanı iki ölkə arasında bir sıra mühüm sənədlər imzalandı. Bu sənədlər ticarət dövriyyəsinin artırılması, mədəniyyət sahəsində birgə layihələrin reallaşdırılması və təhsil əməkdaşlığının gücləndirilməsini nəzərdə tutur. Prezident İlham Əliyev bu sənədlərin gələcək münasibətlərin daha da dərinləşməsinə zəmin yaradacağını vurğuladı.
Azərbaycan Prezidenti çıxışında həmçinin beynəlxalq təhlükəsizlik məsələlərinə toxunaraq, Azərbaycanın regionda sülh və sabitliyin bərqərar olunması istiqamətində ardıcıl siyasət apardığını bildirdi. O, Ermənistanla sülh müqaviləsi üzrə aparılan danışıqlardan da bəhs edərək, regionun gələcəyinin əməkdaşlıq və qarşılıqlı hörmət üzərində qurulmasının vacibliyini vurğuladı.
İtaliya Prezidenti Sercio Mattarella isə öz çıxışında Azərbaycan ilə İtaliya arasında dostluq və etimad münasibətlərini yüksək qiymətləndirdi. O, Azərbaycanı Avropanın mühüm tərəfdaşı adlandıraraq, bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə etdi.
Görüş və bəyanatlar iki ölkə arasında dostluğun və strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Prezident İlham Əliyevin çıxışı həm Azərbaycan diplomatiyasının ardıcıl xəttini, həm də ölkəmizin beynəlxalq arenada nüfuzunun artdığını bir daha nümayiş etdirdi. Bu səfər, eyni zamanda, Azərbaycanla İtaliya arasında münasibətlərin gələcək illərdə daha da inkişaf edəcəyinə dair güclü bir mesaj oldu.
Rəna Süleymanlı
Yeni Azərbaycan Partiyasının məsləhətçisi