AnalitikaGündəmSiyasət

Cəbrayılın azadlığı tarixə qızıl hərflərlə yazılan gündür

Cəbrayıl kəndinin şimalında yerləşən və “Cəbrayıl ata” adı ilə tanınan məqbərə 4,5 metr uzunluğunda, 2,4 metr enində, 1,8 metr hündürlüyündədir. Burada məzar və qədim yaşayış yerlərinin izləri bu günə qədər qalır. Mənbələrə görə, Cəbrayıl atanın Mirzəcan, Yarəhməd, Şahvələd, Bünyad, Qurban, Xubyar, Həsən və başqa adlarda oğlanları olub. Sonralar onun adından Cəbrayıllı tayfası formalaşmışdır.

Orta əsrlərə aid mənbələrdə Cəbrayıllı tayfasının adı məşhur şahsevən, Cavanşir, Əfşar tayfaları ilə yanaşı çəkilir. Rus imperiyası işğaldan sonra 1823-cü ildə vergi üçün siyahıyaalma aparanda Cəbrayıllı tayfasında 17 tirə, 443 ev və 2200 nəfər əhali qeydə alınıb. XIX əsrin ikinci yarısında və XX əsrin 50-ci illərində Cəbrayıl kəndinə “Qıraxdın” da deyilmişdir. Bu ad 1831-ci ildə Daşkəsəndə yaranan “Karantin” idarəsinin 1848-ci ildə Cəbrayıla köçməsi ilə bağlıdır.

Tarixən Cəbrayıl ərazisi müxtəlif dövlətlərin tərkibində olub. Əvvəl Midiya və Əhəmənilər imperiyasında, sonra Qafqaz Albaniyasında yer alıb. Albanların dövründə Cəbrayıl ərazisi Pazkank, Əhristan və Dizak mahalının tərkibində idi. 971–1086-cı illərdə Şəddadilərin, sonralar monqolların, Teymurilərin, Qaraqoyunluların, Ağqoyunluların, daha sonra isə Səfəvilərin hakimiyyəti altında olub.

1841-ci ildə Cəbrayıl Xəzər vilayətinə, 1846-cı ildə isə Şuşa qəzasına tabe edildi. 1873-cü ildə Cəbrayıl və qonşu ərazilər Yelizavetpol quberniyasında müstəqil qəza kimi təşkil olundu. O vaxt qəzanın ərazisi 66,3 min kv.km, əhalisi isə 66 min nəfərdən çox idi. Qəza indiki Füzuli, Xocavənd, Qubadlı və Zəngilan rayonlarını da əhatə edirdi.

30 il əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən Cəbrayıl rayonu işğal olundu. Nəticədə 1 şəhər, 4 qəsəbə, 92 kənd dağıdıldı. 132-dən çox tarixi, mədəniyyət və dini abidə vandalizmə məruz qaldı. Bundan başqa, minlərlə fərdi yaşayış evi, məktəblər, sənaye və kənd təsərrüfatı obyektləri, körpülər, su anbarları və digər tikililər düşmən əlinə keçdi.

İşğal zamanı rayona 5 milyard manatdan çox ziyan vuruldu. Əhalinin təsərrüfatındakı minlərlə iri və xırdabuynuzlu heyvan qarət edildi. 1988–1993-cü illərdə döyüşlərdə 400-ə yaxın Cəbrayıl sakini şəhid oldu. Onlardan 13 nəfəri yetkinlik yaşına çatmamışdı. 8 uşaq hər iki, 207 uşaq isə bir valideynini itirdi. 6 nəfər Milli Qəhrəman adına layiq görüldü.

İşğal nəticəsində 52 min nəfərdən çox Cəbrayıl sakini məcburi köçkünə çevrildi. Onlar Azərbaycanın 54 şəhər və rayonunda məskunlaşdı.

2020-ci ilin 4 oktyabrında Prezident İlham Əliyev Cəbrayıl şəhəri və 9 kəndin azad edildiyini elan etdi. İkinci Qarabağ müharibəsi nəticəsində ümumilikdə Cəbrayıl rayonunun 1 şəhəri və 80 kəndi azad olundu. Bununla da Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən bərpa edildi.

İslam Bafadarov
Yeni Azərbaycan Partiyası,Məsləhətçi

Oxşar Xəbərlər

Back to top button