
993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı və 98,84% səslə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu qələbə dərin təşəkkür və hörmət hissindən, Ulu Öndərin möhkəm siyasi iradəsinə, yüksək nüfuzuna və idarəçilik qabiliyyətinə xalqın inamından irəli gəlirdi.
Heydər Əliyevin 1969–1982-ci illərdə rəhbərlik etdiyi dönəmdə ölkə üçün həyata keçirdiyi işlər unudulmamışdı və bu, onun yenidən xalqın inamını qazanmasında mühüm rol oynadı. 1990-cı il 20 Yanvar faciəsinin səhəri günü Heydər Əliyevin Moskvadakı daimi nümayəndəliyə gələrək xalqımıza başsağlığı verməsi, onlarla həmrəy olduğunu bildirməsi də dahi liderə olan etimadı daha da möhkəmləndirdi. Ulu Öndər ömrünü xalqına və dövlətinə xidmətə həsr etmişdi.
Müstəqilliyini yeni bərpa etmiş respublikamıza rəhbərlik etdiyi dövrdə etdiyi tədbirlər qısa müddət ərzində Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltdi və ölkəmizi söz sahibi olan dövlətə çevirdi. O vaxt Azərbaycan Ermənistanla müharibə şəraitində idi və xarici investorlar riskləri nəzərə alaraq ehtiyatlı davranırdılar. Heydər Əliyevin beynəlxalq əlaqələrdəki şəxsi nüfuzu bu tərəddüdləri aradan qaldırdı: 1994-cü il 20 sentyabrda imzalanan neft müqavilələri — sonradan “Əsrin müqaviləsi” adlanan saziş — ölkəmizin iqtisadi inkişafına və təhlükəsizliyinə möhkəm zəmin yaratdı və Azərbaycanı dünya miqyasında neft ölkəsi kimi tanıtdı.
Müəyyənləşdiyinə görə, ölkəmizin sonrakı inkişaf mərhələlərində qazandığı mövqelər və beynəlxalq nüfuz Heydər Əliyevin şəxsi əlaqələri və siyasəti sayəsində mümkün oldu. O, həm iqtisadi, həm də siyasi sahədə ölkənin maraqlarını qorumağı əsas vəzifə bildi. Heydər Əliyev yaxşı anlayırdı ki, Ermənistanın torpaqlarımıza qarşı hücumunun qarşısını almaq üçün güclü və nizamlı orduya malik olmaq vacibdir.
Buna görə də hakimiyyətə qayıtdıqdan dərhal sonra ordu quruculuğunu prioritet məsələlərdən biri kimi müəyyənləşdirdi və bu sahəyə ciddi diqqət ayırdı. Oktyabrın 10-da andiçmə mərasimində Prezident Heydər Əliyev bu məsələ ilə bağlı demişdir ki, müstəqil dövlətin özünü müdafiə etməyə qadir olmaq üçün güclü orduya ehtiyacı var. O, qeyd etmişdi ki, müstəqillik əldə edildikdən sonra bu sahədə kifayət qədər iş görülməyib və əgər sülh yolundakı təşəbbüslər nəticə verməsə, ölkənin ərazi bütövlüyünü təmin etmək üçün qüdrətli ordu yaratmaq əsas vəzifədir.
Əbdürrəhmanova Günel,
Yeni Azərbaycan Partiyası,
məsləhətçi