
1988-ci ildən başlayan Qarabağ hadisələri nəticəsində tarixi torpaqlarımız işğal olundu, on minlərlə günahsız insan, o cümlədən uşaqlar və qocalar öldürüldü, yüz minlərlə soydaşımız öz tarixi torpaqlarından didərgin düşdü. Şəhərlər, kəndlər dağıdıldı, tarixi və mədəniyyət abidələrimiz məhv edildi. Azərbaycan dövləti dəfələrlə münaqişənin danışıqlar yolu ilə həllinə çalışsa da, qarşı tərəf beynəlxalq hüquq qaydalarını kobud şəkildə pozur, məsələnin həlli üçün uzun illər aparılan danışıqları nəticəsiz qoyurdu. Bu müddət ərzində Azərbaycan tarixi torpaqlarının işğalı ilə barışmadığını dəfələrlə nümayiş etdirmişdi. 2016-cı ilin aprel ayında Lələtəpədəki, 2020-ci ilin iyul ayında Tovuzdakı döyüşlər və s. bunun bariz nümunəsidir.
İşğalçı Ermənistanın çirkin siyasətini davam etdirməsi, dinc əhaliyə mütəmadi atəş açması, ərazilərimizdə təxribatlar törətməsi dövlətin və xalqın səbr kasasını doldurmuşdu. 27 sentyabr 2020-ci il tarixində düşmənin növbəti təxribatını dəf etmək və təcavüzə son qoymaq üçün Ali Baş Komandan İlham Əliyev bütün cəbhə boyu əks-hücuma keçmək haqqında əmr verdi. Ali Baş Komandanın müdrik rəhbərliyi ilə işğalçı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə cavab olaraq, torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlar həmrəylik, əzm və iradə nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdilər. Həmin günlərdə Səfərbərlik və hərbi çağırış xidməti idarələrinin qarşısı gənclərlə, ehtiyatda olan zabitlərlə dolu idi. Hər bir azərbaycanlı əsgərlərimizin yanında olmaq, onlarla birgə döyüşmək istəyirdi. İkinci Qarabağ müharibəsinin 44-cü günündə Ali Baş Komandan, Prezident İlham Əliyevin əmrini şərəflə yerinə yetirən əsgər və zabitlərimizin yüksək vətənpərvərliyi, igidliyi və yenilməzliyi, Prezident-xalq-ordu birliyi sayəsində ədalət bərpa olundu, işğala son qoyuldu, Ermənistan və onun “yenilməz ordusu” döyüş meydanında darmadağın edildi, düşmən diz çökdü. Beləliklə, 44 gün ərzində müzəffər Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi, haqq savaşında ZƏFƏR çaldı. Tarixi ədalət bərpa olundu! Azərbaycan Qarabağa qovuşdu, haqq öz yerini tutdu!
Azərbaycan Ordusu 27 sentyabrdan noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. 44 gün ərzində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olundu. Üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsinin işğalına son qoyuldu. Dekabrın 1-də isə Laçın rayonu Azərbaycana təhvil verildi. Nəhayət, 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli Bəyanata uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı. Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq 2021-ci il sentyabrın 27-də – Anım Günündə Bakı şəhərində yürüş təşkil edildi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, gənc kursantlar və hərbçilər Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan igidlərimiz, itkin düşən hərbçilərimiz və Ermənistan dövləti tərəfindən törədilən insanlıq əleyhinə və müharibə cinayətləri nəticəsində qətlə yetirilən mülki əhalimizin hər birinin fotolarından ibarət plakatlarla yürüş edərək xalqın birliyinin daimi və sarsılmaz olduğunu, Vətənə sevgi, şəhidlərimizə ehtiramın əbədiliyini bir daha nümayiş etdirdilər.
Bədiyyə Sadıqova,
Yeni Azərbaycan Partiyası,məsləhətçi