AnalitikaGündəmOrdu

Zəfər qələbəsinin təməlinin qoyulduğu gün- 27 Sentyabr Anım Günü!

“Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik” – Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev.

27 sentyabr günü hərbi-siyasi gücümüzün, milli ruhumuzun və milli həmrəyliyimizin təntənəsi olan böyük Zəfər qələbəsinin təməlinin qoyulduğu şərəfli bir tarixdir. Artıq 5 ildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunur. Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir. Vətən müharibəsinin elə ilk günündən etibarən rəşadətli Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirmiş, Ermənistan hərbi birləşmələrinin canlı qüvvəsi, 30 ilə yaxın dövr ərzində qurduğu güclü hərbi istehkamlar, maneələr, müdafiə xətləri darmadağın edilmiş, düşmən torpaqlarımızdan qovulmuş, işğalda olan torpaqlarımız erməni qəsbkarlarından azad olunaraq ərazi bütövlüyümüz və bərpa beynəlxalq hüquq bərpa olunmuş, ədalət və haqq işimiz zəfər çalmışdır.

44 günlük Vətən müharibəsi xalqımızın şərəf tarixinə qızıl hərflərlə yazılmış şanlı Zəfər qələbəsi ilə başa çatmışdır. Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir

Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur, respublikamızın bütün bölgələrində, şəhər və rayonlarında, o cümlədən azad edilmiş ərazilərimizdə anım mərasimləri keçirilir, xalqımız Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini qürurla yad edir.
Bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfalar və can sağlığı diləyirik!

Həmidə Ələfsərova
Kimya-biologiya təmayüllü Respublika liseyinin həkim-pediatrı, Nizami rayon fəalı

Oxşar Xəbərlər

Back to top button