AnalitikaGündəmMədəniyyət

İlham Ana dilimiz bizim milli varlığımızın, mənəvi irsimizin, düşüncə tərzimizin təcəssümüdür

Azərbaycan xalqı əsrlər boyu zəngin tarixi, mədəniyyəti və dili ilə tanınmış, bu dəyərləri nəsildən-nəslə ötürərək müasir dövrə çatdırmışdır. Bu tarixi və mənəvi dəyərlər içərisində ana dili və onun yazı sistemi – əlifba xüsusi yer tutur. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 9 avqust tarixli sərəncamına əsasən, hər il 1 avqust tarixi ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Bu əlamətdar gün milli kimliyimizin, dövlətçiliyimizin və mədəni irsimizin təcəssümü olan Azərbaycan dilinin və əlifbasının qorunması və inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan dili türkdilli dillər ailəsinə aiddir və bu dil qədim dövrlərdən etibarən xalqımızın danışıq vasitəsi olmuşdur. Tarix boyu müxtəlif siyasi və mədəni şəraitə uyğun olaraq dilimiz müxtəlif mərhələlər keçmiş, ərəb, fars və rus dillərinin təsiri altında müxtəlif leksik və qrammatik dəyişikliklərə məruz qalmışdır. Lakin bütün bu dəyişikliklərə baxmayaraq, Azərbaycan dili öz milli xüsusiyyətlərini qoruyub saxlamış, müasir dövrə qədər gəlib çatmışdır. Xüsusilə XX əsrin əvvəllərindən başlayaraq ana dilimizin dövlət dili statusunun tanınması uğrunda aparılan mübarizələr, ziyalılarımızın – Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyli, Cəlil Məmmədquluzadə kimi böyük şəxsiyyətlərin fəaliyyəti nəticəsində dilimiz rəsmi və ictimai həyatda daha geniş yer tutmağa başlamışdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918–1920) Azərbaycan dili rəsmi dövlət dili elan olunmuş və bu sahədə ilk hüquqi addımlar atılmışdır. Azərbaycan əlifbası tarixi də Azərbaycan dilinin inkişafı ilə paralel şəkildə formalaşmışdır. Ərəbdilli İslam mədəniyyəti ilə təmasdan sonra uzun müddət ərəb qrafikalı əlifbadan istifadə edilmişdir. 1929-cu ildə SSRİ tərkibində olan Azərbaycan Respublikasında latın qrafikalı əlifbaya keçid baş tutdu. Lakin bu proses uzun sürmədi və 1939-cu ildə siyasi qərarla əlifbamız yenidən dəyişdirilərək kiril qrafikasına keçildi. Bu dəyişikliklər xalqımızın dil və yazı mədəniyyətinə ciddi təsir göstərdi. Azərbaycanın müstəqillik qazanması ilə milli-mənəvi dəyərlərimizə qayıdış prosesi başladı və bu kontekstdə əlifba məsələsi də yenidən gündəmə gəldi. 1991-ci ildə qəbul olunmuş qərara əsasən, Azərbaycanda latın qrafikasına keçidlə bağlı hazırlıqlara başlanıldı. 1992-ci il 15 iyul tarixində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə latın qrafikalı Azərbaycan əlifbasına keçidlə bağlı qanun qüvvəyə mindi. Azərbaycan dilinin inkişafı, qorunması və təbliği istiqamətində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. O, hələ Sovet dövründə – 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsinə nail olmuşdur. Müstəqillik dövründə isə dilin inkişafına, əlifbanın dəyişdirilməsinə və ana dilimizin beynəlxalq səviyyədə tanınmasına dair mühüm addımlar atılmışdır. Onun rəhbərliyi ilə aparılan məqsədyönlü dil siyasəti nəticəsində bu gün Azərbaycan dili təkcə ölkəmizdə deyil, həm də xaricdə – diaspor təşkilatlarında, Azərbaycan dili kurslarında və beynəlxalq tədbirlərdə geniş şəkildə istifadə olunur. Müasir dövrdə Azərbaycan dili həm rəsmi dövlət dili, həm də milli-mənəvi birlik simvoludur. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, Azərbaycan dili ölkənin dövlət dilidir və dövlət bu dilin inkişafını təmin etməyi öz üzərinə götürür. Son illərdə Azərbaycan dili ilə bağlı bir sıra strateji sənədlər qəbul edilmiş, terminologiyanın tənzimlənməsi, dilin informasiyalaşdırılması və müasir texnologiyalarla uyğunlaşdırılması sahəsində irəliləyişlər əldə olunmuşdur. Azərbaycan dili bu gün yalnız ölkə daxilində deyil, xaricdə də öyrənilir. Xüsusilə diaspor fəaliyyətləri və beynəlxalq mədəniyyət layihələri çərçivəsində dilimizin tanıdılması istiqamətində mühüm işlər görülür. Eyni zamanda, elm və təhsil sahəsində dilimizin daha da zənginləşdirilməsi məqsədilə müxtəlif proqramlar həyata keçirilir. Azərbaycan əlifbası və Azərbaycan dili günü – 1 avqust tarixi yalnız bir rəmzi gün deyil, həm də hər bir vətəndaşa ana dilimizə sahib çıxmaq, onu sevmək, öyrənmək və qorumaq məsuliyyətini xatırladır. Ana dilimiz bizim milli varlığımızın, mənəvi irsimizin, düşüncə tərzimizin təcəssümüdür. Ona görə də bu dili qorumaq, inkişaf etdirmək, təbliğ etmək hər bir azərbaycanlının borcudur. Bu gün münasibətilə hər kəsi Azərbaycan dilini daha dərindən öyrənməyə, onu sevə-sevə danışmağa və gələcək nəsillərə olduğu kimi yox, daha da zənginləşdirilmiş şəkildə ötürməyə çağırırıq. Unutmayaq: dilini qoruyan xalq – kimliyini, tarixini və müstəqilliyini qoruyur.

İlham Quliyev
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button