AnalitikaDünyaGündəmSiyasət
Trend

Rəşadət Xalıqov: Azərbaycan–İtaliya münasibətləri çoxölçülü strateji tərəfdaşlıq modelinə çevrilməkdədir

“2026-cı il mayın 4-də Prezident İlham Əliyev ilə İtaliyanın Nazirlər Şurasının Sədri Giorgia Meloni arasında Bakıda keçirilən görüş və verilən bəyanat həm iki ölkə arasında diplomatik münasibətlərin növbəti mərhələsi, həm də daha geniş regional və qlobal geosiyasi dinamikanı əks etdirən mühüm hadisə kimi qiymətləndirilməlidir. Bu səfər, xüsusilə Meloninin əvvəlcə Ermənistana, daha sonra isə Azərbaycana gəlməsi fonunda, diplomatik balans və strateji mesajlar baxımından diqqətəlayiqdir”.

Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Azərbaycan və İtaliya arasında münasibətlər artıq formal diplomatik əlaqələri aşaraq, dərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. 2014 və 2020-ci illərdə imzalanmış sənədlər bu əməkdaşlığın hüquqi bazasını təşkil etsə də, hazırkı mərhələdə münasibətlər daha çox praktik nəticələr və qarşılıqlı asılılıq üzərində qurulur. Bu, xüsusilə enerji təhlükəsizliyi kontekstində Avropanın dəyişən prioritetləri fonunda daha aydın görünür. Azərbaycanın Avropa üçün etibarlı enerji tərəfdaşı kimi rolu son illərdə daha da möhkəmlənmişdir. İtaliyanın Azərbaycanın həm neft, həm də qaz üzrə əsas tərəfdaşlarından biri olması, bu ölkəni Bakı üçün strateji enerji qapısına çevirir. Xüsusilə Cənub Qaz Dəhlizinin mühüm hissəsi olan TAP layihəsinin genişləndirilməsi müzakirələri, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artmaqda davam edəcəyini göstərir. Bu kontekstdə Azərbaycanın ixrac etdiyi 25 milyard kubmetr qazın təxminən 40%-nin İtaliya bazarına yönəlməsi, iki ölkə arasında enerji asılılığının qarşılıqlı və balanslı xarakter daşıdığını göstərir. Bu isə klassik enerji ixracatçısı–idxalçı münasibətindən daha çox strateji tərəfdaşlıq modelinə uyğun gəlir.

“İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olması və ticarət dövriyyəsinin 12 milyard dollar səviyyəsinə çatması, iqtisadi münasibətlərin miqyasını aydın şəkildə ortaya qoyur. Bununla yanaşı, Azərbaycan Dövlət Neft Fondunun İtaliya iqtisadiyyatına yatırdığı 3 milyard dollarlıq sərmayə, bu münasibətlərin təkcə enerji ilə məhdudlaşmadığını sübut edir. Eyni zamanda, İtaliya şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi layihələr, post-münaqişə dövründə Azərbaycanın yenidənqurma strategiyasında Avropa tərəfdaşlarının rolunu ön plana çıxarır. Bu, həm də Azərbaycanın beynəlxalq investorlara açıq və təhlükəsiz bazar kimi təqdim olunmasının mühüm elementidir”.

Rəşadət Xalıqov əlavə edib ki, son bəyanatda diqqət çəkən məqamlardan biri də hərbi-texniki əməkdaşlığın yeni və perspektivli sahə kimi vurğulanmasıdır. İtaliya texnologiyaları ilə Azərbaycan maliyyə resurslarının birləşdirilməsi ideyası, regionda müdafiə sənayesinin modernləşdirilməsi baxımından əhəmiyyətli ola bilər. Bu əməkdaşlıq həm də Azərbaycanın müdafiə qabiliyyətinin diversifikasiyası strategiyasına uyğundur.

Onun sözlərinə görə, Prezident İlham Əliyev və Giorgia Meloni arasında keçirilən görüş və verilən mesajlar göstərir ki, Azərbaycan–İtaliya münasibətləri artıq klassik ikitərəfli əməkdaşlıq çərçivəsini aşaraq, çoxölçülü strateji tərəfdaşlıq modelinə çevrilməkdədir. Enerji, iqtisadiyyat, müdafiə və təhsil sahələrində paralel inkişaf edən bu münasibətlər həm regionda sabitliyin möhkəmlənməsinə, həm də Avropa ilə Cənubi Qafqaz arasında yeni inteqrasiya körpülərinin qurulmasına xidmət edir. Bu kontekstdə Azərbaycan–İtaliya əlaqələri daha geniş geosiyasi məkanın gələcəyinə təsir edən mühüm faktor kimi qiymətləndirilməlidir.

Oxşar Xəbərlər

Back to top button