
Novruz bayramı YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səyi nəticəsində YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Dünya yaranandan xalqlar özünəməxsus adət-ənənə yaratmış və bu ənənələri nəsildən-nəsilə ötürmüşlər. Azərbaycan xalqı o xoşbəxt xalqlardandır ki, özünün adət-ənənəsini yaratmış və dövrün, zamanın dəyişməsinə baxmayaraq, onu yaşatmışdır. Sevinc üzərində qurulan, meydana gələn adət-ənənə sonradan tarixi hadisə olaraq xalqımızın milli bayramı kimi formalaşmışdı. Artıq bütün dünyada qeyd olunmaqda olan Novruz bayramı da Azərbaycan xalqının tarixi qədim olan bayramlarındandır. Tarixi mənbələrə əsasən, demək olar ki, hələ qədim zamanlarda bu bayram 12-15 gün qeyd olunub. Bayram günlərinin öz ritualları, adət-ənənələri mövcuddur. Əyləncələrlə, oyunlarla zəngin olan hər gün yaradıcılığın bütün janrlarını əhatə edir. Yazılı mənbələrə istinadən demək olar ki, Novruz bayramı eradan əvvəl 505-ci ildə yaranmışdır. Dünyəvi şair Nazimilmülkün “Siyasətnamə”sin də, Ömər Xəyyamın “Novruznamə”sin də və digər şair və yazıçılarımızın əsərlərində Novruz bayramı xalqımızın ən geniş şəkildə qeyd etdiyi bayramlardan biri kimi vurğulanmışdır. Nizami Gəncəvinin “İskəndərnamə” poemasında Nüşabənin İsgəndəri məhz Novruz bayramında qonaq çağırması və tonqal ətrafında ona müxtəlif cür Novruz adət-ənənəsini özündə əks etdirən nemətləri təqdim etməsi bu bayrama xüsusi önəm verildiyini göstərir. Yazılı ədəbiyyata əsaslanaraq, demək olar ki, Novruz bayramı Baharın gəlişi ilə əlaqələndirilir. Təbiət hadisəsi ilə qədim insan cəmiyyətlərinin həmin anı bayram olaraq qeyd etmələrinin məntiqi səbəbləri var. Təbiətə yenilik gətirən bu anı yeni il kimi qeyd etmək də təsadüfi deyil. “Yeni gün” anlamına gələn bu bayram İslam adət-ənənəsinə də tam uyğundur. Çünki islam ümumbəşəri din olduğu üçün həqiqətdə islami dəyərlər olan bəşəri dəyərləri hər zaman ön cərgədə təqdim edib. Bu önəmli və vurğulanmalı məsələdir ki, Allah-Taala insanı pis və yaxşıdan seçmək kimi daxili bir qüvvə ilə zənginləşdirmişdir. Zövqü saf olan, dünya görüşü geniş olan hər bir kəs Allahın buyurduğu kimi yaxşını pisdən ayırmağı bacarmalıdır. Dini ayinlər sırasında məhz Novruz bayramına aid olan ilin təhvil verilməsinə xas duaların verilməsi, namazlarda yer alan ayinlərdəndir.
Azərbaycan xalqının bağlandığı və geniş şəkildə qeyd etdiyi Novruz bayramın da süfrələrə cürbəcür xörəklər, meyvələr, şirniyyatlar düzülür. Süfrənin bəzəyi isə səməni olur. Təbii ki, bu hal da süfrədən gü-çiçək, su, güzgü, qızıl əşyaları da əskik olmur. Süfrəyə aş gətirildikdə isə ailə üzvlərinin hər birinin adına şamlar yandırılır. Adət-ənənəyə uyğun olaraq bayram günü hər kəs öz evində olmalıdır. Qəmi-kədəri unudub, şən əhval-ruhiyədə və bir-birinə xoş sözlər deməlidirlər.
Novruz bayramı demək olar ki, Azərbaycanla yanaşı bütün Şərqdə, xüsusilə də, Mərkəzi Asiyada, İranda, Pakistanda, Türkiyədə, Qazaxıstanda, Tacikistanda, Özbəkistanda, Türkmənistanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd olunur. 2009-cu il sentyabrın 30-da isə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın səyi nəticəsində Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir.
Mirsadıq Səməndərli,
YAP-ın gənc fəalı