Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş Konstitusiyası Azərbaycan dövlətinin sayca dördüncü Konstitusiyası olub onun yeni tarixi modifikasiyasını əks etdirir. Azərbaycan Respublikasında Konstitusiya quruculuğunun tarixi, əsasən, onun SSRİ-nin tərkibində olduğu dövürə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilmişdir. 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər qurultayında Azərbaycan Respublikası Konstitusiyasının yeni, SSRİ-nin 1924-cü il Konstitusiyasına müvafiq redaksiyası qəbul olundu. 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in yeni, ölkə tarixində yeni mərhələnin reallıqlarını əks etdirən Konstitusiyası qəbul edildi. Azərbaycan müstəqillik əldə edəndən sonra yeni Konstitusiya hazırlanması zərurəti yarandı. Bu məqsədlə Prezident Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılmışdı. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda xalqın iradəsinə uyğun olaraq bu yeni Konstitusiya qəbul edildi. 1995-ci il Konstitusiyası Azərbaycan Respublikasında dövlət quruculuğunun əsasını qoymuşdur. Azərbaycan Respublikası Konstitusiyasının mətni 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. Noyabrın 12-si ölkəmizdə Azərbaycan Respublikasının Konstitusiya günü kimi qeyd edilir.
Ramil Mehdiyev,
Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri