2020-ci il sentyabrın əvvəllərindən etibarən silahlı qüvvələrin cəb- hə boyu təmas xəttində Ermənistan qoşunlarının aktivliyinin artması, ayın ortalarında isə döyüş hazırlığı tədbirlərinin həyata keçirilməsi kəşfiyyat məlumatları əsasında təsdiqləndi. Düşmənin artıq xırda təxribatlarla kifayətlənmək istəmədiyi, aktiv surətdə yeni müharibəyə hazırlaşması, “yeni müharibə, yeni ərazilər” kimi təcavüzkar ideyalarını reallaşdırmaq niyyətləri aydın sezilirdi. Hər cür düşmən təxribatına qarşı döyüş hazırlığı vəziyyətinə gətirilən Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın əmri ilə sentyabrın 27-si səhər saat 6:00 da əks-hücum əməliyyatına keçdi. Bununla da tariximizə qızıl hərflərlə yazılan 44 gün davam etmiş Vətən müharibəsi başlandı. Azərbaycan ordusu II Qarabağ müharibəsində “Dəmir Yumruq” adını alan planı həyata keçirməyə başladı. Müharibənin ilk günündə Ağdərə, Kəlbəcər və Füzuli–Cəbrayıl istiqamətində əks-hücuma keçən Azərbaycan ordusu düşmənə ağır zərbələr endirdi. Düşmənin uydurduğu və uzun illər ərzində təbliğ etdiyi “məğlubedilməz erməni ordusu”, “keçilməz Ohanyan səddi” haqqındakı mif cəmi bir neçə gün içərisində rəşadətli Azərbaycan ordusu tərəfindən yox edildi.
Rəşadətli Azərbaycan ordusu torpaqlarımızı işğalçılardan təmizləməklə BMT-nin qəbul etdiyi, lakin 30 ilə yaxın dövr ərzində icra olunmayan qətnamələrinin qərarlarını da bir-birinin ardınca yerinə yetirir, bu nüfuzlu beynəlxalq təşkilatın imicini bərpa edirdi. Şuşanın azad edilməsindən sonra Qarabağdakı qondarma rejimin rəhbər vəzifəli şəxsləri başda olmaqla, demək olar, bütün sakinlər Xankəndini tərk etməyə başladı. Vəziyyətin çıxılmaz olduğunu anlayan Ermənistan rəhbərliyi Rusiyanın vasitəçiliyi ilə məğlubiyyəti qəbul etməyə məcbur oldu. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə bəyanat qəbul etdilər. Bəyanatda nəzərdə tutulurdu:
1. 10 noyabr 2020-ci il tarixindən etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Azərbaycan Respublikası və Ermənistan Respublikası tutduqları mövqelərdə qalırlar.
2. 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır.
3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının odlu silahlı hərbi qulluqçuları, hərbi zirehli texnika, avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.
4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyətini Tərəflərdən hər hansı biri bəyan etməzsə, avtomatik olaraq növbəti 5 illik müddətlərə uzadılır.
5. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır.
6. Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.
7. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır. 8. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir. 9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir. Bəyanatın imzalanmasından sonra noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları boşaldılaraq işğaldan azad edildi. Hava şəraitinin pis olması nəticəsində Vardenis (Basarkeçər) keçidində problemlər yarandığından Ermənistan tərəfinin Kəlbəcərin boşaldılması üçün daha 10 gün vaxt istəməsinə Azərbaycan dövləti humanist yanaşaraq razılıq verdi. Lakin I Qarabağ müharibəsi zamanı 1993-cü ildə Kəlbəcər rayonu Ermənistan silahlı qüv vələri tərəfindən işğal edilərkən işğalçılar mülki əhaliyə bölgəni tərk etmək üçün cəmi 10 saat vaxt vermişdi.
44 günlük Vətən müharibəsində qazanılan qələbə işğal altında olan torpaqlarımızın azad edilməsinə hesablanmış məqsədyönlü daxili və xarici siyasətin nəticəsi idi. Birinci Qarabağ müharibəsi dövründən fərqli olaraq, ölkə iqtisadiyyatı sürətlə inkişaf etdirilmiş, Azərbaycan Respublikası bütün göstəricilər üzrə Ermənistanı geridə qoymuşdur. Aparılan uğurlu xarici siyasət nəticəsində beynəlxalq müstəvidə Azərbaycanın müttəfiqləri və dost ölkələrin siyahısı durmadan genişlənirdi.
Aytən Musayeva,
Maştağa qəsəbəsi, 293 № tam orta məktəbin tarix müəllimi