AnalitikaGündəm

Bayrağımız milli qürur mənbəyimizdir

Bayrağına və dövlətçiliyinə sahib çıxan xalqlar heç zaman başqalarının zülmü altına düşmür. Bayraq sevgisi vətən sevgisidir. Şəhid varsa torpaq var, Torpaq varsa Vətən var, Vətən varsa bayraq var. Bayraq – bir ölkəni işarələyən dövlət rəmzidir, müharibələr, inqilablar zamanı öndə, insanların başı üzərində aparılan, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın üzərindəki hər rəng və simvol bir özəl məna daşıyır.

Bayraq dövlətin varlığını təsdiqləyən, milləti ucaldan, hər bir vətəndaşı qürurlandıran rəmzdir. Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Dövlət bayrağı suverenliyimizin rəmzidir. 14 ildir ki, bu əlamətdar tarixi şərəflə, qürurla qeyd edirik. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti cənab İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı müvafiq Sərəncam imzaladı. Həmin Sərəncama əsasən, hər il ölkəmizdə noyabrın 9-u Dövlət Bayrağı Günü qeyd edilir. 2010-cu il sentyabrın 1-də ölkə başçısı İlham Əliyevin iştirakı ilə Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılışı oldu. Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Respublikasının dövlət bayrağı dünyanın ən hündür – 162 metr bayraq dirəyində ucaldıldı. Dünyada ən hündür yerdə dalğalanan bayrağın eni 35, uzunluğu 70 metr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

Milyonların sevdalısı olan müqəddəs Azərbaycan Bayrağı hər birimizin qürur mənbəyi, and yerimizdir. Bu müqəddəs bayraq uğrunda himnimizdə də deyildiyi kimi, minlərlə can qurban olub. 44 günlük Vətən müharibəsi xalqımızın üçrəngli bayrağa olan sonsuz məhəbbətini, bayraq ətrafında necə sıx birləşməyi bir daha göstərdi. Mübariz xalqımızın vətəndaşları öz evlərini, avtomobillərini üçrəngli Azərbaycan bayrağına bürüdü. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altındakı rəşadətli, müzəffər Azərbaycan ordusunda xidmət edən hər bir əsgərin arzusu azad olunmuş torpaqlarımıza yenidən Azərbaycan bayrağını sancmaq idi. Bu gözəl hiss, duyğu artıq reallığa çevrilib.

Bu gün Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda dalğalanır. Sentyabrın 27-dən başlayaraq işğalçı Ermənistanın atdığı növbəti qanlı təxribata rəşadətli ordumuz tərəfindən layiqli cavab verildi. 30 illik səbrin, təmkinin tükəndiyi bir vaxtda xalqımız Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bir çağırışı, bir əmri ilə Qarabağ torpaqlarının Ermənistanın işğalından azad edilməsi sevincini yaşamağa başladı. Azərbaycan üçrəngli bayraqlara büründü, qürur hissi yaşadıq.

Natiq Musayev,
Bakı Dövlət Sosial İqtisad Kolleci-Təcrübə rəhbəri

Oxşar Xəbərlər

Back to top button