AnalitikaGündəm

Qubadlı zirvəsi

Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb. Qubadlı rayonu 1993-cü il avqustun 31-də ermənilər tərəfindən işğal edilmişdi. 27 ildən sonra isə Qubadlı öz azadlığına qovuşdu. Prezident İlham Əliyev 23 dekabr 2020-ci ildə Qubadlıda Azərbaycan bayrağını ucaldıb. Şəhərinin azad edilməsi Vətən müharibəsinin gedişində mühüm rol oynadı. Bu, çətin əməliyyatlardan biri idi. Çünki düşmən şəhərdə güclü istehkam qurmuşdu, şəhərin girəcəyində hərbi baza yaratmışdı, yüksəkliklərdə isə hərbi birləşmələri yerləşmişdi. İstehkamlardan biri də Xanlıq qəsəbəsində idi. Qubadlını azad etmək üçün ilk növbədə, ermənilərin istehkamları məhv edilməli, həmin yüksəkliklər götürməli idi. Qarşı tərəf həm o yüksəkliklərdən, eyni zamanda, Ermənistan ərazisindən hərbçilərimizə müntəzəm atəş açırdı.

Qubadlının azad edilməsi böyük strateji üstünlüyü təmin etdi. Ona görə ki, Qubadlıdan sonra növbəti istiqamət Laçın rayonu idi. Qubadlıdan Laçın rayonunun cənub hissəsinə gedən yol daim atəş altında idi. Ordumuz Laçın rayonunun cənub hissəsində yerləşən kəndləri azad etdikdən, strateji yüksəkliklər ələ keçirdikdən sonra Laçın dəhlizi nəzarətə götürülür. Qubadlıdan sonra isə Şuşa şəhəri işğaldan azad edildi. Oktyabrın 25-də Qubadlı azad olundu və noyabrın 8-də Şuşa şəhəri azad edildi. Beləliklə, düşmən təslim olmağa məcbur oldu. Erməni vandalizminin, vəhşiliyinin izləri Qubadlıdan da yan keçməyib. Ermənilər işğal dövründə rayonu yerlə-yeksan edib, talayıb, bütün binalar, kəndlər, qəsəbələr, dini- mədəni, tarixi abidələr dağıdılıb. Eyni zamanda Qubadlı ərazisində Xanlıq kəndində qanunsuz məskunlaşma aparıb, xaricdən gətirilən ermənilər burada yerləşdirib. Bu da Ermənistanın daha bir cinayətidir. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Hazırda azad olunmuş digər ərazilərimiz kimi Qubadlıda da dövlət tərəfindən bir çox mühüm layihələr həyata keçirilir, strateji əhəmiyyət daşıyan infrastruktur yaradılır. Dövlət başçısının bu il iyulun 31-də imzaladığı sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib.

Murad Zeynalov,
YAP Nizami rayon təşkilatının gənc fəalı

Oxşar Xəbərlər

Back to top button