Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı və 44 gün davam edən əks-hücum əməliyyatlarının 29-cu günü, oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edilib. Vətən müharibəsi zamanı rayonun şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaratdı. Ermənistan silahlı qruplaşmaları şəhərdə güclü istehkamlar qurmuşdular, yüksəkliklər düşmənin tam nəzarətində idi. Bu mənada, Qubadlını azad etmək üçün, ilk növbədə, həmin yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Söz yox ki, Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi, ilk növbədə, şəhərə hakim olan yüksəkliklər götürdü. Ətrafda yerləşən kəndlər, o cümlədən Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri oktyabr ayının 23-də işğaldan azad edildi. Qubadlı rayonunun azad edilməsinə dair ilk məlumatı biz oktyabrın 23-də alsaq da, rayon ərazisində düşmən hərbi obyektlərinə raket zərbələri döyüş əməliyyatlarının başlanmasından bir saat sonra endirilməyə başlanmışdı. Bu zərbələr adətən düşmən ehtiyatlarının yerləşdiyi dislokasiya məntəqələrinə, sursat və yanacaq anbarlarına endirildi. Oktyabrın 24-dən 25-nə keçən gecə Qubadlı şəhəri uğrunda şiddətli döyüş başladı. Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazini tərk etmək məcburiyyətində qaldı. Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev 25 oktyabr 2020-ci il tarixində xalqa etdiyi müraciətində Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan yaşayış məntəqələrinin və Qubadlı şəhərinin Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmasını elan etdi. Daha sonra, 25-26 oktyabrda Qubadlı rayonunun Qiyaslı, Əbilcə, Qılıcan kəndləri; 30 oktyabrda Kavdadıq, Məmər, Mollalı kəndləri; 2 noyabrda İşıqlı, Muradxanlı, Milanlı kəndləri; 4 noyabrda Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndləri; 7 noyabrda Qəzyan, Balasoltanlı, Mərdanlı kəndləri; 9 noyabrda Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaraimanlı, Xəndək, Həmzəli, Mahruzlu, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli kəndləri düşməndən azad edildi. 2021-ci ilin bu günü Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayonunda səfərdə olublar. Dövlət başçısı və birinci xanım Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak ediblər. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər. Həmçinin, dövlət başçısı və birinci xanım 2022-ci ilin oktyabrın 19-da da Qubadlı rayonuna səfər ediblər. Belə ki, Prezident İlham Əliyev Qubadlı rayonunda “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının layihələri ilə tanış olub, Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub. Dövlət başçısına və birinci xanıma Qubadlı şəhərinin Baş planı təqdim olunub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlıda İşğal və Zəfər muzeylərinin təməlqoyma mərasimində iştirak ediblər.
Rüstəmov Bəhruz,
YAP-ın fəalı