AnalitikaGündəm

Qubadlı: İşğaldan Sonra Yenidən Qurulan İrs

Qubadlı rayonu 14.03.1933-cü ildə yaradılmışdır. Rayonda 1 şəhər (Qubadlı) 93 kənd vardı. Sahəsi 802 kv/km, əhalisi 38,1 min nəfərdir. Bərgüşad çayının hər iki sahilində yerləşən Qubadlı şəhərinin əhalisi 5604 nəfərdir. 30500 nəfərlik Qubadlı əhalisi 94 kənd və bir şəhərdə məskunlaşırdı. Rayonun əhalisi əsasən kənd təsərrüfatı və heyvandarlıqla məşğul olmuşdur.

Rayon Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. Dağlıq və dağətəyi rayondur. Ən hündür yeri Torağac yüksəkliyidir. (Dəniz səvviyəsindən 2003 metr yüksəklikdədir). İqlimi mülayim kontinentaldır. Ərazisindən daim axırlı Həkəri və Bərgüşad çayları keçir. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, şimaldan Laçın rayonu, Hadrut rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir.

Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Dağlıq və dağətəyi, meşələrlə əhatə olunmuş ərazilərdə də kəndlər vardır. Saray, Poladlı, Xocamsaxlı, Çardaxlı kəndləri ərazisində keçilməz sıldırım qayalar üzərində son dövrə qədər qalan istehkam qalaçalar ayrı-ayrılıqda VII-IX əsrlərə aid edilsə də, əslində bu istehkam qalaçalar b.e.ə. I yüzillikdə Atropatena və Albaniya dövlətlərini ayıran sərhəd boyunca vahid keşikçi-gözətçi məntəqələri sisteminin tərkib hissəsidir. Ötən əsrdə Qubadlı dəfələrlə erməni işğalçı qüvvələrinin hücumlarına məruz qalıb. (1915, 1918, 1920) Bu dövrdə bütövlükdə Zəngəzurla birlikdə Qubadlının kəndləri yandırılıb, dinc əhaliyə divan tutulub. Bununla belə bütün çətinliklərə və azab-əziyyətlərə baxmayaraq hər dəfə işğalçı erməni qoşunları torpaqlarımızdan qovulublar.

Qubadlıda 180-ə qədər mədəni-maarif müəssisəsi olub. 84 kitabxana, 12 mədəniyyət evi və 44 klub, 7 avtoklub əhaliyə xidmət edib. Rayonda 2 uşaq-musiqi məktəbi də fəaliyyət göstərib. Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb.

2020-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərinin işğaldan azad edildiyini açıqlayıb. Rayon işğaldan azad olunduqdan sonra orada bərpa və yenidənqurma işlərinə başlanılıb. Ərazinin minalardan təmizlənmə əməliyyatları ilə yanaşı, infrastrukturun bərpası işləri də davam etdirilir.

Zəngəzur dağları ilə Qarabağ silsiləsi arasında yerləşən Qubadlı şəhəri işğaldan azad olunan dördüncü böyük yaşayış məntəqəsi idi. Qubadlı Laçın dəhlizinə gedən rayondur. Şəhərin azad olunması ilə Azərbaycan Ordusunun Laçın rayonuna yolu açılıb, Azərbaycan Silahlı Qüvvələri Laçın dəhlizi istiqamətində irəliləməyə başlayıb. Qubadlı rayonu həm də Ermənistanla Azərbaycan arasında rəsmi dövlət sərhədində yerləşən ərazidir. Dolayısı ilə Ermənistanla rəsmi dövlət sərhədini də bərpa etmiş olduq.

30 ildən çoxdur əzablı, məşəqqətli məcburi köçkünlük həyatı yaşayan insanlarımız öz doğma yurd yerlərinə qayıdıb yaşayacaqlar. Azərbaycanın həmin guşələri yenidən dirçələcək, yurd yerlərimiz, işğaldan azad olunmuş ərazilərimiz yenidən qaynar həyatına dönəcək. Qarabağ Azərbaycandır! Yaşasın müstəqil, azad Azərbaycan!

İslam Bafadarov,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button