Tarixi Zəfərimizə gedən yolun başlanğıcı kimi dəyərləndirilən, 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsinin davam etdiyi 44 günün hər günü tariximizə zəfər günü kimi yazıldı. Bu tarixdən bizləri 4 illik zaman ayırsa da daim 30 illik işğal dövrünün reallıqlarının təhlili əsasında 44 günlük İkinci Qarabağ müharibəsinə diqqət yetirilir, sonda ədalətin zəfər çaldığı xüsusi qeyd edilir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağın işğalı dövründə də bəzi hallarda hər birimiz məyusluq və inamsızlıq hissləri yaşamışıq. Hər birimizin qəlbini incidən bu ədalətsizlik bizə sanki əbədi olacaq kimi gəlirdi. Amma o fikirləri biz özümüzdən hər zaman uzaqlaşdırırdıq, inamla yaşayırdıq və onu da bilirdik ki, ədaləti bərpa etmək bizim öz işimiz olmalıdır. Heç kim bizim əvəzimizə bu ədaləti bərpa etməyəcək, heç kimin belə niyyəti də, istəyi də olmamışdır. Biz hər dəfə qarşıya hədəflər qoymalıyıq. Bu hədəflər həm stratejidir, həm taktikidir, həm qısamüddətlidir, həm uzunmüddətlidir. Amma hədəflər düzgün seçilməsə, heç bir nəticəyə nail olmaq mümkün olmayacaq. Hədəflər həm həqiqəti, ədaləti və həm də real vəziyyəti, real gücümüzü əks etdirməlidir. Nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək: «Bu gün antiterror əməliyyatından keçən il ərzində biz bunu görürük. Əslində, birinci həftələr, birinci aylar ərzində bizə qarşı nə qədər əsassız ittihamlar irəli sürülürdü, bizə sanksiyalar tətbiq edildi. Daha böyük sanksiyaların tətbiq edilməsi üçün böyük dövlətlər, – hər halda, özlərini belə sayanlar, – bizə qarşı müxtəlif beynəlxalq platformalarda açıq hücuma keçmişdilər, soyuq müharibə başlamışdır. Bu gün də bu, davam edir. Antiterror əməliyyatının ildönümü ərəfəsində biz yenə də nə qədər genişmiqyaslı şər, böhtan kampaniyası ilə üzləşdik. Bu, bizim iradəmizə təsir edə bilər? Heç vaxt! Çünki bizim işimiz haqq işidir və bizim işimizi Azərbaycan xalqı dəstəkləyir. Əslində, bu, Azərbaycan xalqının işidir. Qarabağı, Şərqi Zəngəzuru azad etmək, suverenliyi tam bərpa etmək Azərbaycan xalqının iradəsi hesabına, qəhrəman övladlarımızın qəhrəmanlığı, şücaəti hesabına mümkün olmuşdur.» Son dörd il tariximizə azad edilmiş torpaqlarımızın dirçəldilməsi, cənnət məkana çevrilməsi üçün atılan addımlarla, soydaşlarımizın mərhələ-mərhələ bu ərazilərə qayıdışı ilə yadda qaldı. Əldə olunan nəticələr növbəti illərin aydın mənzərəsini yaradır. Bu torpaqlara davamlı şəkildə yola salınan köç karvanları dünənimizdən bugünümüzə, bugünümüzdən gələcəyə istiqamətlənən yolun təqdimatında öz sözünü deyir. Növbəti köçün Xankəndiyə, Kəlbəcərə olacağını səbirsizliklə gözləyirik.
Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı