“25 oktyabr tarixi Qubadlı şəhərinin azad edilməsini və Azərbaycanın Vətən müharibəsində qazandığı qələbənin dönüş nöqtələrindən birini simvolizə edir. Azərbaycan Silahlı Qüvvələrinin bu zəfəri strateji əhəmiyyətə malik olmaqla yanaşı, Ermənistanın qanunsuz məskunlaşma siyasətinə də son qoydu. İşğaldan öncə rayon zəngin təbii resursları və kənd təsərrüfatı potensialı ilə seçilirdi, lakin Ermənistanın təcavüzü nəticəsində infrastruktur dağıdılmış və 30 minə yaxın məcburi köçkün öz yurdlarını tərk etmək məcburiyyətində qalmışdı”.
Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Azərbaycan Ordusunun 44 günlük müharibə zamanı həyata keçirdiyi Qubadlı əməliyyatı yüksək peşəkarlıq və fədakarlıq tələb edirdi. Düşmənin möhkəmləndirilmiş istehkamları və strateji yüksəkliklərdə yerləşən hərbi qüvvələrinə qarşı aparılan mübarizə nəticəsində, oktyabrın 25-də Qubadlı tam azad edildi. Bu zəfər rayona gələcək inkişaf üçün yeni üfüqlər açdı. Qeyd olunmalıdır ki, azad edilmiş Qubadlıda geniş infrastruktur layihələri icra olunur. Enerji təchizatının dayanıqlı təminatı məqsədilə inşa olunan yarımstansiyalar rayonda 2050-ci ilə qədərki inkişafı dəstəkləyəcək. İqtisadi potensialı artırmaq məqsədilə Prezident İlham Əliyevin tapşırığı ilə Qubadlı-Eyvazlı avtomobil yolu və Xudafərin-Qubadlı-Laçın yolunun tikintisi həyata keçirilir. 2021-ci ildə yaradılan “Qubadlı” gömrük postu ilə sərhəd təhlükəsizliyi və qanunsuz ticarətə qarşı mübarizə gücləndirilmişdir.
Onun sözlərinə görə, Qubadlının azad edilməsi sadəcə hərbi uğur deyil, həm də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafını təmin edəcək strateji bir mərhələdir. Ərazilərin bərpası və inkişafı istiqamətində atılan addımlar Azərbaycanın ərazi bütövlüyünün möhkəmləndirilməsi və regionda dayanıqlı sülhün təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.