AnalitikaGündəm

Zəngilanın azad edilməsi regionda geosiyasi reallıqların dərinləşməsi baxımından mühüm əhəmiyyət daşıyır

Vətən müharibəsi zamanı Zəngilanın işğaldan azad edilməsi yalnız tarixi ədalətin bərpası deyil, həm də regionda yeni siyasi və iqtisadi nizamın formalaşmasına təkan verib. Zəngilanın azad edilməsi və onun ətrafında gedən proseslər regionda siyasi və geosiyasi reallıqların dərinləşməsi baxımından mühüm əhəmiyyət daşıyır. Zəngilanın strateji yerləşməsi həm Ermənistan, həm də regional tərəfdaşlar üçün ciddi geosiyasi mesajlar ehtiva edir. Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsi ilə qanunsuz ticarət və hərbi təxribatların qarşısı alınıb, Azərbaycanın sərhəd təhlükəsizliyi təmin olunub. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması ilə bağlı səylər post-münaqişə dövründə Azərbaycanın regionda ticarət və logistika mərkəzinə çevrilməsi məqsədini güdür.

Zəngilan uğrunda döyüşlərdə iştirak edənlərin şücaət və vətənpərvərliyinin dövlət tərəfindən qiymətləndirilməsi. 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Zəngəzur dəhlizin istifadəyə verilməsi Naxçıvanla quru bağlantısının təmin olunması və Türkiyə ilə daha sıx iqtisadi-siyasi inteqrasiya perspektivləri Ermənistan üzərində strateji təzyiq vasitəsinə çevrilib. Nəzərə alınmalıdır ki, Ermənistanın Zəngəzur dəhlizinin açılmasına müqaviməti onun regiondakı izolyasiyasını dərinləşdirir. Ermənistan hökumətinin beynəlxalq hüquqa zidd davranışları və üçtərəfli bəyanatların şərtlərini icra etməməsi onun daha böyük regional əməkdaşlıq proseslərindən kənarda qalması ilə nəticələnir. Dövlətimiz isə bu dəhlizi yalnız iqtisadi layihə kimi deyil, həm də siyasi üstünlük və regionda davamlı sabitliyin təminatı üçün mühüm vasitə kimi görür. Prezident İlham Əliyevin beynəlxalq platformalarda çıxışları Azərbaycanın prinsipial mövqeyini ifadə edir. O, 8 oktyabr 2024-cü ildə Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında Ermənistanın destruktiv siyasətini bir daha sərt tənqid etmiş və Azərbaycanın haqlı mövqeyini müdafiə etmişdir. Dövlət başçımızın bəyanatları göstərir ki, Ermənistanın revanşist yanaşmaları nəticəsiz qalacaq və regionun gələcək siyasi nizamında Azərbaycanın rolu daha da möhkəmlənəcəkdir.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button