Prezident İlham Əliyevin yürütdüyü müdrik, uzaqgörən və düşünülmüş siyasəti, xüsusilə vətən müharibəsi zamanı qazanılan tarixi Zəfər Azərbaycanın bütün dünyada nüfuzunu artırıb, onu etibarlı tərəfdaşa çevirib. Bu gün Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin, beynəlxalq təşkilatların sayı durmadan artır.
Oktyabrın 8-də Moskvada MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib. Ölkə rəhbəri Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı və verdiyi mühüm mesajlar bu baxımdan yeni siyasi reallıqlar fonunda bir sıra məqamlara aydınlıq gətirib.
Eyni zamanda iclasda, 2025-ci ildə Azərbaycan həmçinin III MDB Oyunlarına ev sahibliyi edəcəyi qərara alınıb. Gəncə şəhəri həmin dövrdə rəsmi olaraq idman paytaxtı elan ediləcək. Bu xəbərlər həqiqətən də Azərbaycanın MDB məkanındakı nüfuzunun, region ölkələri arasında qazandığı etimad və inamın göstəricisidir. Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlərinin məhz MDB dövlətləri olduğunu nəzərə alsaq, Azərbaycanın nə qədər düzgün və məhsuldar xarici siyasət həyata keçirdiyini, bu ölkələrlə ikitərəfli münasibətlərin yüksək səviyyəsinin Vətən müharibəsində maraqlarımıza cavab verdiyini görmüş oluruq.
Qeyd edək ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Bu mühüm addım Azərbaycanın MDB məkanındakı nüfuzundan, həmçinin dost və qonşu ölkələr olan Azərbaycanla Rusiya arasında əlaqələrin yüksələn xətlə inkişafından xəbər verir.
Qürurvericidir ki, bu gün Azərbaycan işğaldan azad edilmiş əraziləri ilə dünyanın diqqətindədir. Bu torpaqlarımızda həyata keçirilən genişmiqyaslı bərpa-qurculuq işləri Azərbaycanın təkmil dirçəliş modelini, müasir şəhərsalma təcrübəsini dünyaya təqdim edir. Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan edilməsi tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin yaratdığı reallıqların dünyaya təqdimatında əhəmiyyəti olacaq.
Məhz, Azərbaycanın həyata keçirdiyi siyasətin səciyyəvi cəhətlərindən biri də ondan ibarətdir ki, respublikamız MDB-yə daxil olan ayrı-ayrı dövlətlərlə ikitərəfli əməkdaşlığın dərinləşməsinə də böyük önəm verir. Belə rasional siyasətin nəticəsidir ki, respublikamızın MDB-də təmsil olunan ayrı-ayrı dövlətlərlə yüksək səviyyəli münasibətləri formalaşıb.
Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi.