AnalitikaGündəm

Azərbaycan Prezidentinin Xankəndi səfəri qazanılmış şanlı qələbənin triumfu idi

Xankəndi 30 il boyunca mənəviyyat məsələsi olub – dünya azərbaycanlılarının savaşdığı ən mühüm məqamlardan biri məhz Xankəndinin adı ilə bağlı idi. 30 il boyunca bəlkə də ən sərt reaksiyalarımız məhz qondarma xuntanın torpağımıza “qoyduğu” ada qarşı münasibətdə özünü göstərib. Nəzarətimizdə olmayanda belə razılaşmırdıq həmin qondarma adla – bunun əksini sübut etmək üçün bütün arqumentlərimizi səsləndirirdik. Bu gün həmin qüruru yaşayırıq – lokal antiterror tədbirlərindən sonra Laçın dövlət sərhəd buraxılış məntəqəsi vasitəsilə könüllü Ermənistana üz tutan ermənilər belə Xankəndini öz tarixi adı ilə tərk edirdilər. Bəli, Xankəndi bütöv Azərbaycan üçün mənəviyyat məsələsi idi – bu gün mənəviyyatımızın xilası gününü Xankəndidə qeyd etməyimizə kifayət qədər əsaslar var.

Xankəndinin Azərbaycan üçün siyasi əhəmiyyəti onun coğrafi ölçülərindən də dəfələrlə böyükdür. Azərbaycanın son 30 illik tarixinin zərgər dəqiqliyi ilə hazırlanan və yürüdülən məqsədyönlü siyasətinin nəticəsidir Xankəndinin azadlığı – Ulu öndər Heydər Əliyevin beynəlxalq təşkilatların toplantılarında Qarabağı sanki kitab kimi səhifə – səhifə anlatması, Qarabağın əsl həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırması, Prezident İlham Əliyevin beynəlxalq kürsülərdən Qarabağın əsl tarixini Ermənistan rəhbərliyinə anlatması, həqiqətlərin üzərinə işıq salması dünyanın siyasi gündəmində Qarabağ mövzusunu daimi olaraq aktual etdi. Bütün tribunalarda sözümüzün əvvəli də, sonu da Qarabağ oldu. Siyasətimizin bütün istiqamətlərinin hədəfi Qarabağ idi. İqtisadi nailiyyətlərimiz, sosial rifahımız, ordu quruculuğumuz, valyuta ehtiyatlarımız, büdcəmizin genişlənməsi və bu kimi onlarla dövlətin inkişafını özündə əks etdirən amillər Qarabağın azadlığına doğru “yol aldı”. Yolumuz Qarabağdan keçdi. Yolumuz Xankəndidə qovuşdu. 30 illik siyasi yolun Zəfər duracağı Xankəndi oldu. Zəfər Xankəndiyə, Xankəndimə yaraşır!!! Bu mənada, Azərbaycan Prezidentinin Xankəndi səfəri qazanılmış şanlı qələbənin triumfu idi. Elə bir triumf ki, hər kəs bu zəfəri layiq olduğu yerdən izləyir, separatçı canilər Bakıda təcridxanadan, Ermənistanın indiki və keçmiş hərbi-siyasi rəhbərliyi qorxaqcasına öz evlərindən, Fransa kimi riyakar beynəlxalq oyunçu isə çox daha uzaqlardan. Azərbaycan xalqı isə, nəhayət, 200 il sonra, cənab İlham Əliyevin sayəsində özünün layiq olduğu qaliblər kürsüsündən”.

Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı  

Oxşar Xəbərlər

Back to top button