Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 2023-cü il 15 oktyabrda Xankəndi şəhərində etdiyi tarixi çıxışı fədakar fəaliyyətinin parlaq nəticəsinə söykənmişdi.
Bu gün Xankəndidə dalğalanan üçrəngli bayrağımız hər birimiz üçün xoşbəxtlik və qürur mənbəyidir. Bir vaxtlar Azərbaycan xalqına qarşı təhqir, təhdid, hədə üslubunda danışan, Bakıda çay içəcəyini deyən təlxəklər indi, həqiqətən də Bakıda çay içirlər, amma təcridxanada. Prezident İlham Əliyev Xankəndidə Dövlət Bayrağını qaldırarkən həm də təvazökarlıq, nəciblik sərgilədi. Çıxışında bildirdi ki, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Həqiqətən də gələcək nəsillər bu şanlı tarixi fəxrlə öyrənəcəklər, qürur hissi keçirəcəklər.
Dövlətimizin başçısı 15 oktyabrda Xankəndində illər öncə endirilmiş Azərbaycan Dövlət Bayrağını qaldırmaqla yazdığı Qarabağ dastanının nöqtəsini qoydu. Ermənilərin bizimlə 200 ildən artıq apardıqları savaşın sonuna möhür vurdu.
Prezidentin Xankəndində çıxışı əslində onun 20 illik fəaliyyətinin hesabatı idi. Prezident çıxışında bildirib ki: ” Bu gün Xankəndində olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən torpağı uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi.”
Çıxışında dövlətimizin başçısı iyirmi il bundan əvvəl Prezident kimi vəzifə borcunu yerinə yetirməyə başladığı zaman Azərbaycan Dövlət Bayrağını o vaxt işğal altında olan bütün ərazilərdə qaldırılmasını bir nömrəli vəzifə olaraq qarşısına məqsəd qoyduğunu vurğulayıb.
Bəli, Prezident seçilərkən xalqa verdiyi vədi yerinə yetirən, Qarabağda separatizmə son qoyub ərazi bütövlüyümüzü tam bərpa etməklə Azərbaycan tarixində şanlı səhifələr yazan Prezident İlham Əliyev çıxışını belə sonlandırıb: ” Bu gün burada qaldırdığım Dövlət Bayrağı burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq”.
Ramil Mehdiyev,
Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri