AnalitikaGündəm

Aşıq Ələsgərin yaradıcılığı Azərbaycan xalqının milli, mənəvi irsidir

Azərbaycan poeziyasının zirvələrindən sayılan Aşıq Ələsgərin ömrü bir əsrdən çox davam etdi və cəsarətlə demək olar ki, bu, həm azman şairin, həm də poeziyanın uzun həyatı deməkdir. Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir. Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür. Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirbilənliklə yanaşan Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Sənətkarın yubileyləri məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilmişdir. Böyük söz ustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimləri keçirilərkən əlamətdar hadisə baş vermiş, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, millimədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır. Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsi açıldı. Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edildi.

Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük Qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər. Əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Qarabağa qaydış Qərbi azərbaycanlılarda da bu nikbinlik hisslərini, fikirlərini, ümidlərini daha da artırmışdır. Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Cənab Ali Baş Komandan İlham Əliyev ən gözəl mesaj verdi: Bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik.

Ramin Əliyev,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button