AnalitikaGündəm

Aşıq Ələsgərin əsərləri, Azərbaycan aşıq sənətinin inkişafında mühüm rol oynamış və onun irsi bu gün də milli kimliyimizin ayrılmaz hissəsidir

Azərbaycan aşıq poeziyasının böyük sənətkarlarından biri, qüdrətli söz ustadı Aşıq Ələsgər zəngin irsi ilə Azərbaycan, ümumən türk şeirinə misilsiz töhfələr vermiş el sənətkarıdır. Onun yaradıcılığı bir həyat çeşməsidir, çağlayan bulaqdır ki, poetik ruhlu şeirləri daş yaddaşlara hopdurmuşdur. Poetik çalarlı, lirik düşüncəli yaradıcılığı ilə çox incə məqamlara toxunan aşıq söz xəzinəsi ilə özünə əbədi və tarixdən silinəz bir sənət mülkü yaratmışdır.

Xalqın milli düşüncəsinə, ruhuna yaxın yaradan aşıq milyonlarla insanın dillər əzbəri olan şeirlərin müəllifi kimi şöhrətləndi. Aşıq poeziyasını həyati müşahidələrlə zənginləşdirərək, həm məzmun, həm də forma rəngarəngliyi ilə seçilən – dodaqdəyməz, müxəmməs, qıfılbənd, təcnis, cığalı təcnis, gəraylı, divani və s. bu kimi şeir növləri ilə aradıcılıq irsinə rəngarənglik bəxş etmiş və ustad aşıq olduğunu təsdiqləmişdir. El sənətkarı dövrünün bir sıra görkəmli aşıqlardan dərs almış, özündən sonra gələn aşıqlara qüvvətli təsir göstərmişdir. Demək olar ki, aşıq yaradıcılığının bütün sahələrinə müraciət etmiş və Azərbaycan ədəbiyyatında böyük iz buraxmışdır. Belə sənətkarlara dövlətimiz tərəfindən böyük diqqət göstərilir. Onların yaradıcılığına böyük qiymət verilir, yubiley tədbirləri keçirilir. Bu, Azərbaycan milli mədəniyyətinə, sənətinə olan diqqətdən qaynaqlanır. Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 18 fevral 2021-ci il tarixində Sərəncam imzalamışdır. Sərəncamdan irəli gələrək, çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmiş Aşıq Ələsgərin anadan olmasının 200-cü ildönümü ölkəmizdə təntənəli şəkildə qeyd olundu. Aşıq sənətində öz çəkisi olan Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir. Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür. Dövlətimizin başçısı çıxışında Aşıq Ələsgərin ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşadığını və yaratdığını bildirərək, uzun ömür yaşadığını və ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olduğunu diqqətə çatdırmışdır: “O vaxt onun 97 yaşı var idi, 1918-ci ildə erməni vəhşiləri azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular. Bu, XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından – Qərbi Azərbaycandan birinci deportasiyası idi. Əfsuslar olsun, ondan sonra da bizim xalqımız iki deportasiyaya məruz qalmışdır. Aşıq Ələsgər ailəsi ilə birlikdə qonşu Kəlbəcər rayonuna köçmüşdür. Ancaq doğma Vətən, doğma torpaq onu yenə də Göyçə mahalına çəkirdi, baxmayaraq ki, iqlim, təbiət, gözəllik baxımından Kəlbəcər və Göyçə mahalı çox da fərqlənmir. Amma onun Vətən sevgisi, torpaq sevgisi o qədər güclü idi ki, bütün təhlükələrə baxmayaraq, o, təqribən üç ildən sonra öz doğma Ağkilsə kəndinə qayıtmış və bir neçə ildən sonra orada vəfat etmişdir”. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi torpaqları Ermənistanın işğalı altında idi. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş və 1 milyondan çox azərbaycanlı məcburi köçkün, qaçqın vəziyyətində yaşayırdı. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə göstərilirdi ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymadı və öz işğalçı siyasətini davam etdirdi. Artıq Azərbaycan müharibə yolu ilə öz torpaqlarını işğaldan azad edib və tarixi ədalət bərpa olunub. Bu gün işğaldan azad olunan ərazilərdə abadlıq-quruculuq işlərinin miqyası genişlənib və nəhəng işlər görülür. Vurğulayaq ki, artıq Prezidentimizin işğaldan azad olunan ərazilərə səfərləri tarixi hadisəyə çevrilir. Ermənilərin yaratmaq istədikləri mif tarixə qovuşub. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanları əzəli torpaqlarda əbədi yurd salırlar. Azərbaycan tarixi ədaləti bərpa edib və Azərbaycan əzəli torpaqlarına sahibdir. Qazandığımız uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, siyasi iradəsinin təzahürüdür. Dövlət başçımızın Azərbaycan xalqı qarşısında verdiyi bütün vədləri yerinə yetirib.Hədəflər düzgün müəyyən edildiyindən qarşıya qoyulan məqsədlər öz həllini tapır. “Biz üç gün bundan əvvəl Anım Gününü qeyd etmişik. Bir daha bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik, onların qəhrəmanlığı heç vaxt unudulmayacaq. Amma bizim təqvimimizə bu kədərli 27 Sentyabr günü ilə bərabər, iki bayram günü də əlavə edildi – 8 Noyabr və 20 Sentyabr günləri. Bunlar bayram və Zəfər günləridir. Bu Zəfər bizimlə əbədi yaşayacaq. Bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik.

Aynur Həsənova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button