2020-ci il oktyabrın 4-də Cəbrayıl rayonu 27 illik işğaldan sonra azad edildi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 90 kənd düşmən tapdağından xilas edildi. Rayon işğaldan azad edildikdən sonra 72 ümumtəhsil məktəbinin, 8 xəstəxananın, 132 tarixi abidənin, 150 mədəniyyət ocağının, 100-ə yaxın kəndin, həmçinin türbələrin, məqbərələrin, məscidlərin erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılması faktları bir daha dünyaya bəlli oldu. Aydınlaşdı ki, işğal nəticəsində ermənilər Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan vurub. Cəbrayıl rayonundan olan insanların hüquqları pozulub və 27 il davamlı qaçqınlıq həyatı yaşamağa, qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmağa məcbur qalıblar.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün işğaldan azad olunmuş torpaqlarımızda olduğu kimi, Cəbrayıl rayonunda da böyük quruculuq işləri həyata keçirilir. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir.
Prezident İlham Əliyevin Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə hər il işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri təntənəli şəkildə qeyd olunur. Bu xüsusda 4 oktyabr tarixi Cəbrayıl şəhəri günü kimi qeyd olunur. Bu gün qürur və fəxarət hissi ilə deyə bilərik ki, əsgər və zabitlərimizin qəhrəmanlığı, şücaəti nəticəsində Cəbrayıl azaddır, Cəbrayıl şəhərində və işğaldan azad edilmiş bütün doğma torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır və əbədi dalğalanacaq.
Dörd il öncə işğaldan azad olunmuş Cəbrayılda keyfiyyətcə yeni dövr başlayıb: “İşğaldan azad olunan Cəbrayıl rayonunda son dörd il ərzində aparılan bərpa və abadlıq-quruculuq işləri nəticəsində “Araz Vadisi İqtisadi Zonası”nın yaradılıb, rayonunun elektrik təchizatı təmin edilib, Cəbrayıla 4-6 zolaqlı yol çəkilir ki, bununla da vətəndaşlar rahat şəkildə buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Eləcə də Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. İlkin olaraq Cəbrayıl şəhərinə 36 ailə – 117 nəfər köçürülüb”.
Həsənova Səbinə,
YAP-ın fəalı