AnalitikaGündəm

Prezident İlham Əliyev yeni dövr üçün Azərbaycanın qarşısında duran əsas vəzifələri elan edib

“Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra regionda söz sahibi olmağa, yaxud da ölkəmizi təhdid və təzyiqlər altında saxlamağa çalışan dövlətlərin cəhdləri daha aydın şəkildə görünməyə başlayıb. Bilərəkdən sülh prosesinin yayındırılması, Ermənistanın silahlandırılması, revanşist qüvvələrə şəraitin formalaşdırılması, eləcə də Azərbaycana qarşı siyasi-ideoloji və informasiya cəbhəsinin açılması ölkəmiz qarşısında yeni vəzifələr qoyur”.

Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Prezident İlham Əliyev yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı əsas məqsəd və vəzifələri bir daha diqqətə çatdırıb: “İlk növbədə Azərbaycana qarşı artan təzyiqlər səbəbindən dövlətin birinci nömrəli vəzifəsi hərbi gücün artırılmasıdır. Çünki İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının arxada qalmasına baxmayaraq, həm dünyada gedən proseslər, həm yeni münaqişə və müharibə ocaqlarının yaradılması və bu səbəbdən də region ətrafında gərginliyin artması, həm də Ermənistanda revanşizm meyillərinin olması Azərbaycanı hərbi sahəyə daim diqqət göstərməyə vadar edir. İkinci əsas vəzifə ondan ibarətdir ki, yerli hərbi sənaye kompleksi daha sürətlə inkişaf etdirilməlidir. Buna səbəb isə odur ki, dünya silah bazarında qıtlığın yaranması və əsas  etibarilə daha geniş coğrafiyada silah ixrac edən ölkələrin öz problemləri ilə məşğul olmasıdır. Üçüncü əsas vəzifə ölkə sərhədlərinin daha güclü şəkildə qorunmasıdır. Bununla da Azərbaycan həm xaricdən gələn təhdidlərin qarşısını daha qətiyyətli şəkildə alır, eyni zamanda daxildə təxribatlar törətməyə çalışanları neytrallaşdırır. Məhz buna görədir ki, ölkəmizin quru sərhədləri bağlıdır və bu, sabitliyin təminatında əhəmiyyətli rol oynayır. Dördüncü əsas vəzifə Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsindən ibarətdir. İşğaldan azad olunmuş ərazilərə həyatın qaytarılması bu gün prioritet işlərdən hesab edilir. Beşinci əsas vəzifə də odur ki, cəmiyyətdəki milli birliyi daha da möhkəmləndirmək və gənc nəsli yad ideoloji təsirlərdən qorumaqdır. Heç şübhəsiz ki, bu faktorlar Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır. Ona görə Prezident İlham Əliyevin bildirdiyi kimi elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı, həm Vətənə bağlı, qürurlu olmalı, həm də xarici təsirlərə boyun əyməməlidir”.

“Bu gün gündəlikdə duran əsas məsələlərdən biri də sülh prosesidir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, sülh müqaviləsinin gedişatında qeyri-adekvat və qeyri-səmimi münasibət Ermənistana heç də yaxşı olmayan nəticələr vəd edir: “Vaxt uzatma taktikası və digər məqamlar onu deməyə əsas verir ki, Ermənistan, əslində, sülh istəmir, vaxt uzatmaq, bu vaxtdan istifadə edərək, xarici himayədarların dəstəyi ilə hərbi potensial qurmaq niyyətindədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistanla normallaşma əgər onlara lazım deyilsə, deməli, bu olmayacaq. Biz hər halda öz mövqeyimizdən bir addım geri atmayacağıq. Kim nə istəyir desin, vasitəçilər də bizə lazım deyil”.

Oxşar Xəbərlər

Back to top button