AnalitikaGündəm

Tarixi ədalət

Qarabağ Zəfərinin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi.

Azərbaycanın hələ İkinci Qarabağ müharibəsi zamanı Qarabağ ermənilərinin sıx yaşadığı Xankəndini və digər əraziləri Ermənistanın qanunsuz hərbi birləşmələrindən təmizləmək imkanı olsa da, rəsmi Bakı hərbi güc tətbiqinə üstünlük vermədi. Postmüharibə dövründə Qarabağ ermənilərinin sivil reinteqrasiyasına çalışan ölkə rəhbərliyi humanist yanaşma göstərdi, Ermənistana beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən sülh müqaviləsi təklif etdi. Qarşı tərəf bununla bağlı müxtəlif formatlarda və məkanlarda keçirilən görüşlərdə həmin prinsipləri dəstəklədiyini, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirsə də, buna əməl etmədi. Ermənistanın törətdiyi təxribatlar, həmçinin bu işğalçı dövlətin “humanitar böhran” adı altında məqsədli planını həyata keçirmək istəyi də bunun bariz nümunəsi idi. Ermənistanın və Qarabağda süquta uğradılmış separatçı rejimin rəhbərliyi üç ilə yaxın müddətdə Azərbaycanın dayanıqlı sülh və reinteqrasiya üçün təklif etdiyi bütün səmərəli təklifləri rədd etdi, hərbi təxribatlarla bölgədəki vəziyyəti gərginləşdirmək yolu seçdi.2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusu Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. İkinci Qarabağ müharibəsində olduğu kimi, antiterror əməliyyatları zamanı şanlı ordumuz yüksək peşəkarlıq, döyüş təcrübəsi nümayiş etdirdi.

Qarabağdakı separatçı rejimin təslim olaraq Azərbaycanın şərtlərini qəbul etməsindən dərhal sonra rəsmi Bakı lokal antiterror tədbirlərini dayandırdı. Əldə olunmuş razılaşmaya uyğun olaraq, silahı yerə qoyaraq tərksilah və tərxis olunan Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Qarabağ bölgəsindən Laçın-Xankəndi və Kəlbəcər-Basarkeçər istiqamətində çıxışına imkan yaradıldı. Bu, rəsmi Bakının növbəti humanist addımı və razılaşmalara sadiqliyinin göstəricisi oldu.Dövlət başçısı İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində, lokal antiterror tədbirlərinə başlanılmasını şərtləndirən amillərə, həmçinin bu tədbirlərin dayandırılması üçün qarşı tərəfə irəli sürülən şərtlərə və sair kimi məqamlara diqqəti yönəltdi.

Azərbaycanın Xankəndi də daxil olmaqla, suverenliyini bərpa etdiyi tarixi ərazilərində cəmi 1 il müddətində reallaşdırdığı genişmiqyaslı abadlıq-quruculuq işləri, Qarabağ Universitetinin fəaliyyətə başlaması, keçmiş məcburi köçkünlərin yurdlarına qayıtmaları revanş xülyasından əl çəkməyən Ermənistanın müəyyən hərbi-siyasi dairələrinə sərt mesajdır.Suverenliyimizin bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycanın növbəti hədəflərindən biri tarixi ədalətə və beynəlxalq hüquqa söykənərək Qərbi Azərbaycana qayıdışdır. Bu hədəfin də gerçəkləşəcəyi gün uzaqda deyil.

Elmir Rzayev,
YAP Şuşa rayon təşkilatının əməkdaşı 

Oxşar Xəbərlər

Back to top button