AnalitikaGündəm

Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” xüsusi əhəmiyyət kəsb edir

Dünyada cərəyan edən geosiyasi proseslər və geoiqtisadi rəqabət elə təhlükəli həddə çatıb ki, nüfuzlu beyin mərkəzlərinin praqmatik təklif və tövsiyyələri nəzərə alınmadan qlobal təhlükənin dəf oluna biləcəyi az inandırıcı görünür. Peşəkar dəyərləndirmələrə görə İtaliyada birinci yerdə, Avropada isə ilk onluqda qərarlaşan nüfuzlu beyin mərkəzlərindən biri də “The European House – Ambrosetti” Mərkəzidir. 1965-ci ildən fəaliyyət göstərən Mərkəzin əsas platforması isə Çernobbio Forumudur. Bu platformada aparılan müzakirələr zamanı səslənən fikirlər, irəli sürülən təklif və tövsiyyələr dünya siyasətinə təsirsiz ötüşmür və aparıcı aktorların diqqətindən yayınmır. Prezident İlham Əliyevin sayca 50-ci olan builki Beynəlxalq Foruma əsas qonaq qismində dəvət edilməsi və Forum çərçivəsində “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” mövzusunda xüsusi sessiyanın keçirilməsi, heç şübhəsiz ki, ölkəmizin beynəlxalq münasibətlərin müstəqil subyekti kimi qazandığı nüfuza və etibarlı tərəfdaş statusuna hörmətin ifadəsidir. Bu həm də onun göstəricisidir ki, Azərbaycan artıq dünyanın nüfuzlu beyin mərkəzləri tərəfindən regionun aparıcı aktoru kimi tanınır. Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin Çernobbio Forumunda budəfəki çıxışı və orada verdiyi mesajlar, iki il əvvəl olduğu kimi, yenə də dünya mətbuatının diqqət mərkəzindədir.

Prezident İlham Əliyev çıxışının giriş hissəsində xüsusi olaraq qeyd etdi ki, İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır və iki ölkə arasında ticarət dövriyyəsinin 16 milyard dollar səviyyəsinə yüksəlməsi bunun əyani sübutudur. Dövlətimizin başçısı Forum iştirakçılarının diqqətinə onu da çatdırdı ki, Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. Prezident İlham Əliyev məhz bu məqamları vurğulamaqla Forum iştirakçılarına və qlobal siyasəti formalaşdıran aparıcı aktorlara olduqca mühüm olan bu mesajı verdi: “Çünki bu onun göstəricisidir ki, münasibətlər qarşılıqlı etimad və hörmət, qarşılıqlı maraqların nəzərə alınması üzərində qurulursa, o zaman tərəqqinin şahidi oluruq. Bu, bir-birindən uzaqda, fərqli qitələrdə yerləşən ölkələr arasında münasibətlərin necə qurulmalı olduğunun nümunəsidir”.

Dövlətimizin başçısı xüsusi olaraq bunu da vurğuladı ki, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan artıq yalnız Qafqazda deyil, daha geniş coğrafiyaya təsir edən böyük geosiyasi dəyişikliyin müəllifinə çevrilib. Forum iştirakçılarının diqqətinə bir daha çatdırıldı ki, BMT Təhlükəsizlik Şurasının ölkəmizlə bağlı məlum dörd qətnaməsinin 27 il ərzində kağız üzərində qalmasına və Minsk qrupunun 28 illik səmərəsiz fəaliyyətinə baxmayaraq, Azərbaycan tarixi ədaləti və beynəlxalq hüququ özü təmin etməli oldu. Prezident İlham Əliyevin beynəlxalq auditoriyaya verdiyi mühüm mesajlardan biri də məhz bununla bağlı idi: “Bu, həqiqətən onu nümayiş etdirdi ki, beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, burada hüquqi çərçivə ilə yanaşı, həmçinin cəsarət və real güc də var.

Azərbaycan Prezidentinin verdiyi mühüm mesajlardan biri də təhlükəsiz dünya nizamını təhdid edən ikili standartlar siyasəti ilə bağlı oldu. Dövlətimizin başçısı Azərbaycan cəmiyyətininin haqlı etirazına və hiddətinə səbəb olan bir məqamı da Forum iştirakçılarının diqqətinə çatdırdı. Prezident bildirdi ki, Vətən müharibəsindən, xüsusilə ötən ilin antiterror tədbirindən sonra bəzi ölkə və təşkilatların Azərbaycanı qərəzli şəkildə hədəfə almasının, o cümlədən Avropa Şurası Parlament Assambleyasının ölkəmizin nümayəndə heyətini səsvermə hüququndan məhrum etməsinin yalnız bir səbəbi var və bu, suverenliyimizi bərpa etdiyimizə görədir. Dövlət başçısı Çernobbio Forumu kimi mötəbər platformanın yaratdığı imkandan istifadə edərək, aparıcı aktorların və nüfuzlu beyin mərkəzlərinin diqqətinə bir daha çatdırdı ki, fərqli coğrafiyalarda baş verən eyni mahiyyətli münaqişə və məsələlərə fərqli prizmalardan yanaşılması, siyasi riyakarlığa yol verilməsi qəbuledilməzdir. Azərbaycan Prezidentinin İtaliyaya işgüzar səfəri çərçivəsində Kənd Təssərrüfatı və enerji təhlükəsizliyi sahələrində əməkdaşlığa dair ölkələrimiz arasında imzalanmış Anlaşma Memorandumları, heç şübhəsiz ki, bütövlükdə Avrasiya məkanında inteqrasiya proseslərinin dərinləşməsinə və milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsi olan enerji təhlükəsizliyinin güclənməsinə xidmət edəcək. Prezident İlham Əliyevin Çernobbio Forumunda verdiyi mesajlar isə olduqca mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın regionun aparıcı aktoru kimi tutduğu konstruktiv mövqe ilə bağlı beynəlxalq auditoriyada daha dolğun və obyektiv qənaətin formalaşmasına təkan verəcək.

Ramin Əliyev,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button