AnalitikaGündəm

33 il öncə Naxçıvanda ucalan bayrağın Qələbə əzəməti!

03 sentyabr 1991-ci il tarixi – Azərbaycanı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxaran bir tarix! Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri, Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələsinin açılması idi.

1991-ci il sentyabrın 3-də Heydər Əliyevin Naxçıvan Ali Məclisinə Sədr seçilməsi böyük hadisə oldu. Məsələ heç də keçmiş Sovetlər İttifaqı rəhbərliyinin nüfuzlu simasının kiçik bir əyalətə rəhbər seçilməsində deyildi. Bu seçimlə Ulu Öndər ilk növbədə fəal və peşəkar fəaliyyəti ilə nəinki muxtar respublikada, həmçinin bütün Azərbaycanda milli dövlətçiliyə inam hissini formalaşdıra bildi.

Ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı.Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi Azərbaycanın mürəkkəb və ağır dövrünə təsadüf edirdi. Məhz Heydər Əliyev şəxsiyyəti və bacarığı Naxçıvanı gözlənilən fəlakətlərdən qorudu və bu qədim diyarı düşmən əlinə keçmək təhlükəsindən xilas etdi.
1991-1993 cu illər arasında Ümummilli lider Heydər Əliyev Naxçıvandakı hakimiyyəti dövründə Muxtar Respublikanı geniş tərəqqi yoluna çıxarmağı bacardı.

Ümummilli lider Heydər Əliyevin 3 sentyabr 1991-ci ildə Naxçıvan Ali Məclisinin sədri seçilməsi, təkcə Naxçıvan üçün deyil, ümumilikdə müstəqil Azərbaycan dövlətçiliyinin qurulması baxımından tarixi hadisədir. Qürurla deyə bilərik ki, tarixin bir çox dönəmində Naxçıvan milli-ideoloji məsələlərdə Azərbaycan dövlətçiliyinin dayağı olub, dövlətçiliyimizin əsas atributlarından biri olan üçrəngli, aylı-ulduzlu bayrağımız tarixdə ikinci dəfə məhz Naxçıvanda yüksəldilib.

Azadlığı, müstəqilliyi uğrunda bütün çətinliklərə mərdliklə sinə gərmiş mübariz Azərbaycan xalqı bu gün Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi,prezident İlham Əliyevin rəhbərliyi ilə öz şanlı tarixinin yeni parlaq səhifəsini yazmaqdadır.

33 il öncə Ulu Öndərin Naxçıvanda ucaltdığı əzəmətli Azərbaycan bayrağı indi əzəli, qədim torpaqlarımız olan Şuşada, Xankəndidə, Ağdamda, Xocalıda, Xocavənddə, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Suqovuşanda və digər kənd və qəsəbələrimizdə, xalqımızın tarixi birlik və qəhrəmanlıq simvolu olan Xudafərin körpüsü üzərində qürurla dalğalanmaqdadır. Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin, qəhrəman oğullarımızın sayəsində ucalan Zəfər bayrağımız əbədidir.

Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin başladığı işlərin onun siyasi varisi – ölkə başçısı tərəfindən  uğurlu davamı gələcəyə doğru inamla addımlayan Azərbaycanın XXI əsrdə daha yüksək zirvələr fəth edəcəyindən xəbər verir.

Abbasova Yeganə,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button