Məlum olduğu kimi, hər bir xalqın tarixdə öz layiqli yerini tutmasında və malik olduğu ənənələri, dəyərləri qoruyub saxlamasında, zənginləşdirməsində milli ideologiyanın mühüm rolu və payı var. Bu baxımdan, çoxəsrlik dövlətçilik tarixinə malik və zəngin milli-mənəvi dəyərlərin daşıyıcısı olan Azərbaycan xalqı istisna deyil. Xüsusi olaraq vurğulamaq gərəkdir ki, azərbaycançılıq milli dövlət ideologiyası kimi Azərbaycan Respublikasının Konstitusiya əsaslarına söykənən, ölkəmizin müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına və milli təhlükəsizliyinin qorunmasına xidmət edən mütərəqqi dəyərlər sistemidir. Azərbaycançılığın əsasında dünya azərbaycanlılarının həmrəyliyi və vahid amal uğrunda sıx birləşməsi dayanır. Təbii ki, zaman-zaman azərbaycançılıq ideologiyası haqqında konseptual fikirlər irəli sürülüb, məqalələr yazılıb, araşdırmalar aparılıb. Bütün bunların fonunda Azərbaycanın dövlət müstəqilliyini qazandığı, müasir dünya ilə çoxşaxəli əlaqələrini qurub inkişaf etdirdiyi dövrdə azərbaycançılıq ideologiyasının mədəni, sosioloji və politoloji aspektləri diqqəti daha çox cəlb edir. Bu məqamda vurğulamaq yerinə düşər ki, azərbaycançılığın milli ideologiya olaraq daha bir prinsipi bir sıra imkanlardan istifadə etməklə xalqımız və ölkəmiz haqqında geniş elmi təsəvvür yaratmaq və milli dəyərlərin təbliğini həyata keçirməkdir. Bu istiqamətdə Ulu Öndərimiz Heydər Əliyevin apardığı məqsədyönlü, uzaqgörən siyasət tariximizin silinməz şanlı səhifələrinə çevrilib. Məlumdur ki, milli ideologiyamız olan azərbaycançılıq ideologiyası soydaşlarımızı vahid amal uğrunda və milli dəyərlər əsasında sıx birləşdirir. Sağlam təməllərə söykənərək, birləşdirici, barışdırıcı, həmrəylik missiyasını özündə ifadə edir. Ona görə də azərbaycançılıq ideologiyasının təbliği və onun təməl prinsiplərinin cəmiyyətə çatdırılması mühüm əhəmiyyət kəsb edir. Bu dəyərlər sistemi dövlətçilik ideologiyası kimi toplumun və dövlətin inkişafına, ölkənin gücünün artmasına xidmət edir. Ona görə də ekspertlərin qeyd etdikləri kimi, azərbaycançılıq ideologiyasının daha yaxşı mənimsənilməsindən ötrü genişmiqyaslı tədbirlər ardıcıl olaraq davam etdirilməlidir. Bu da bir həqiqətdir ki, dövlətçiliyin möhkəmlənməsi və dayanıqlı əsaslara söykənərək inkişaf etməsi həm də onun milli ideologiyası, daha dəqiq desək, ideoloji bazası əsasında baş verir. Ən əsası isə odur ki, Azərbaycanın milli ideologiyası birləşdirici funksiyanı özündə ehtiva etdiyi üçün kənar neqativ təsirlərin qarşısını müvəffəqiyyətlə alır. Məhz buna görə ideologiya həm də birləşdirici amil hesab olunur. İstisnasız demək olar ki, azərbaycançılığın ən mühüm amillərindən biri vətənə, torpağa bağlılıqdır. Azərbaycançılıq deyəndə onun bir üzündə vətənpərvərlik, milli birlik, digər üzündə isə milli şüur və əqidə bütövlüyü dayanır. Bunlar azərbaycançılığın əsas komponentlərindən sayılır. Mütəxəssislər qeyd edirlər ki, hər hansı bir sosial sistemdə ideya konkret olmayanda müəyyən fəsadlara gətirib çıxarır. Ona görə də inkişaf üçün hökmən ideyanın aydın olması vacibdir. Bu səbəbdən bütün məqamlar nəzərə alınmaqla, qeyd etdiyimiz kimi, azərbaycançılıq müfəssəl şəkildə təbliğ olunmalıdır. İstər ali məktəblərdə, istərsə də orta ümumtəhsil məktəblərində, ümumi şəkildə də olsa, azərbaycançılıq haqqında söhbətlər edilməsi, zəruri biliklərin çatdırılması olduqca mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, elmi seminarlarda, mühazirələrdə, hətta ekskursiyalarda belə azərbaycançılığın əhəmiyyətini daim diqqətə çatdırmaq lazımdır. Ailədən başlayaraq təhsilin son pilləsinə qədər ümumi olaraq azərbaycançılıq mövqeyi aşılanmalıdır. Göründüyü kimi, azərbaycançılıq milli gücün ideoloji əsaslarını təşkil edən, milli həmrəyliyin möhkəmlənməsinə xidmət edən mütərəqqi dəyərlər sistemidir. Ona görə də xalqımızın zəngin dövlətçilik ənənələrinin möhkəmləndirilməsində vahid milli məfkurə olan azərbaycançılıq ideologiyasının müstəsna rolu var.
Əyyub Əliyev,
YAP-ın gənc fəalı