AnalitikaGündəm

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası da bu böyük inkişaf yolunda öz intibah dövrünü yaşayır

Azərbaycanın dövlətçilik tarixində misilsiz xidmətlər göstərmiş, ideyaları, zəkası, biliyi, idarəçilik təcrübəsi ilə bu günümüzə, sabahımıza bələdçilik edən ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətində 1990-1993-cü illər Naxçıvan dövrü mühüm yer tutur. Məhz həmin illər onun böyük siyasətə, hakimiyyətə qayıdış dövrü oldu. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir. Sonralar ümummilli lider bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı” Beləliklə, siyasi fəaliyyətinin Naxçıvan dövründə ulu öndər Heydər Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu.  1991-ci ildə müstəqillik əldə etmiş Azərbaycan bu tarixi nailiyyəti itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. O dövrdə ölkə daxilindəki vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurmalar nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə almışdı. Digər tərəfdən də təcavüzkar Ermənistanın ölkəmizə qarşı torpaq iddiaları ilə müşayiət olunan Dağlıq Qarabağ problemi ağır yük kimi Azərbaycanın başı üzərində dururdu. Daxili hərc-mərclik, siyasi qüvvələrin çəkişməsi cəbhə bölgəsinin nəzarətdən kənar qalmasına və Qarabağ savaşında ermənilərin üstünlüyü ələ almasına gətirib çıxardı. Bir-birinin ardınca strateji cəhətdən ən əhəmiyyətli ərazilərin itirilməsi ilə müşayiət olunan bu hadisələr daha çox AXC-Müsavat cütlüyünün Azərbaycan dövlətinə qarşı satqın və xəyanətkar mövqeyi ilə əlaqəli idi. Azərbaycan xalqının xilaskar oğlu, ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı artıq tarixi zərurət idi. Nəhayət Azərbaycan xalqı qanı və canı bahasına əldə etdiyi müstəqilliyin qorunması üçün bu müstəqilliyin əldə olunmasına ən çox töhfə vermiş və onu qoruya biləcək əvəzsiz lideri dəvət etdi. Bu gün müstəqilliyin yolları ilə inamla addımlayan Azərbaycan ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə yeni-yeni uğurlara imza atır. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası da bu böyük inkişaf yolunda öz intibah dövrünü yaşayır.

Bəhruz Rüstəmov,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button